RU

Vətən həm də Mübarizdən BAŞLAYIR...

2010-cu il iyunun 19-dan Azərbaycanda hamı - qocalar, cavanlar, uşaqlar  - Mübariz İbrahimovun misilsiz qəhrəmanlığı, igidliyi haqqında danışmağa başlamışdı. O, öz qəhrəmanlığı ilə göstərdi ki, canını Vətən torpaqlarının yolunda hər an qurban verməyə hazır olan igidlərimiz hələ çoxdur. Mübariz öz həyatını qurban verməklə Azərbaycana bir örnək göstərdi.

Mübariz İbrahimovun valideynlərinə yazdığı son məktubunun əlyazması çoxaldılaraq gənclər arasında sürətlə yayıldıqdan sonra heç şübhəsiz onun kimi olmaq istəyənlərin sırası genişləndi.

“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz.. Haqqınızı halal edin”.

Vətənpərvərlik elə bir emosional hissdir ki, bütün şəxsi maraqlarını vətən yolunda qurban verməyə, vətəninin və xalqının marağını daha uca tutmağa, canını fəda etməyə hazır olmalısan.
Mübarizin ailəsi onu belə böyütmüşdü, mərd, vətənpərvər...

Şəhid gizir Mübariz İbrahimov 2006-cı ildə Biləsuvar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Daxili qoşun hissələrində xidmətini başa vurduqdan sonra o, gizir kimi orduda hərbi xidmətini davam etdirirdi. Mübariz 2010-cu il iyunun 19-da cəbhənin Tərtər rayonunun Çaylı kəndi istiqamətində təkbaşına Ermənistan silahlı qüvvələrinin səngərinə daxil olaraq düşmənin sinəsinə dağ çəkib, xeyli erməni hərbçisini məhv edib, qəhrəmanlıqla şəhid olub.

Rəsmi məlumatlara görə, Mübariz İbrahimov qeyri-bərabər döyüşdə 5 düşməni məhv edərək, 3-nü yaralayaraq şəhid olub. Amma bu rəsmi məlumatdır... Düşmənin itkisi bundan çox olub, bunu ermənilər qeyri-rəsmi olaraq etiraf ediblər...

Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnək, nümunə oldu.

M.İbrahimova ölümündən sonra Prezident tərəfindən Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Bu gün - 19 iyun onun şəhidliyə ucaldığı gündür, Allah rəhmət eləsin!

Ə.Qafarlı

Избранный
11
1
modern.az

2Источники