RU

Müharibə bölgəsində diplomatiya: Türkiyənin İran–İsrail qarşıdurmasına yanaşması

“İran–İsrail müharibəsi bütövlükdə Yaxın Şərq regionunu ciddi risk altına atıb. Bu gərginlik, regionda mühüm təsir imkanlarına malik olan Türkiyə üçün də müəyyən problemlər yaratmağa başlayıb. Lakin rəsmi Ankara hələlik beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edir və münaqişədən kənar qalmağa çalışır. Hazırda Türkiyənin bu münaqişəyə birbaşa müdaxilə ehtimalı real görünmür. Ankara müharibənin qarşısının alınması üçün beynəlxalq hüququ əsas götürür və qlobal ictimaiyyətə, o cümlədən beynəlxalq güc mərkəzlərinə çağırışlar edir. Prezident Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı ABŞ Prezidenti ilə artıq bir neçə dəfə danışıqlar aparıb. Eyni zamanda, Türkiyə lideri Yaxın Şərq ölkələrinin rəhbərləri ilə də məsləhətləşmələr aparır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Qeyd edək ki, İsrailin İrana hücum etdiyi ilk gün bəzi İsrail hərbi təyyarələri Türkiyə hava məkanını pozub. Türk Hava Qüvvələri dərhal xəbərdarlıq edərək təyyarələrin çıxmasını tələb edib və onlar hava məkanını tərk ediblər. İran-İsrail münaqişəsindən sonra Türkiyədə erkən xəbərdarlıq sistemləri fasiləsiz fəaliyyət göstərir.

Siyasi şərhçi bildirib ki, əsas məqsəd müharibənin siyasi və diplomatik yollarla dayandırılmasıdır.

“Ankara bu prosesə nə özü birbaşa cəlb olunmaq, nə də digər region ölkələrinin daxil edilməsini istəyir. Çünki belə olan halda vəziyyətin qlobal müharibəyə çevrilmə riski artır. Məhz bu səbəbdən rəsmi Ankara İsrailin hərbi əməliyyatlarını dərhal dayandırmasını tələb edir. Eyni zamanda, Türkiyə müdafiə məqsədilə hərbi hazırlıq səviyyəsini artırıb. Ankara bu addımı ilə istənilən təcavüzkar davranışa sərt cavab veriləcəyi mesajını verir. Türkiyə öz təhlükəsizliyini təmin etmək gücünə malikdir və bu hüququnu qorumaqda qərarlıdır. Hazırda Türkiyənin mövqeyi siyasi-diplomatik xarakter daşıyır və müharibənin dayandırılması üçün beynəlxalq siyasi prosesin işə düşməsi istiqamətində fəaliyyət göstərilir”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Избранный
11
aznews.az

1Источники