RU

III qrupda bu ixtisasların balı artacaq

Bu il III qrupda bəzi ixtisaslarda keçid balları arta bilər. Bunu Məleykə Abbaszadə deyib. Bəs söhbət hansı ixtisaslardan gedir? Təhsil eksperti Rizvan Fikrətoğlu Metbuat.az-a açıqlamasında bildirib ki, balların artması və azalması müəyyən sistematik məsələyə əsaslanır: "Burada əsas diqqət yetirilməli məqamlar plan yerlərinin sayında dəyişiklik, abituriyentlərin ümumi sayı və yüksək bal toplayanların göstəriciləriləridir. Bu il plan yerlərində müəyyən qədər artım müşahidə olunur. Eyni zamanda, abituriyentlərin sayında da artım var. Yüksək bal toplayanların sayı da əvvəlki illərlə müqayisədə çoxdur. III ixtisas qrupu üzrə hələ ikinci cəhd imtahanı keçirilməsə də, Dövlət İmtahan Mərkəzində ilkin statistik məlumatlar mövcuddur. III ixtisas qrupu üzrə vəziyyətdə artım tendensiyası müşahidə olunur. Bu il 500-600 bal toplayan abituriyentlərin sayında artım qeydə alınıb. Bu isə öz növbəsində həmin qrupda yer alan prestijli ixtisaslara keçid ballarının yüksəlməsi ehtimalını artırır". R.Fikrətoğlu qeyd edib ki, prestijli ixtisaslara hüquqşünaslıq, dövlət və ictimai münasibətlər, beynəlxalq münasibətlər daxildir: "Müəllimlik ixtisaslarında isə xüsusilə Azərbaycan dili və ədəbiyyat müəllimliyi, tarix müəllimliyi, ingilis dili müəllimliyi, ibtidai sinif müəllimliyi daha çox seçilir. Bu ixtisaslara Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Slavyan Universiteti və Dillər Universitetində daha çox tələbat var. Jurnalistika ixtisasının isə əvvəllər keçid balları çox yüksək olub. Lakin 2014-cü ildən etibarən qabiliyyət imtahanları tətbiq olunduqdan sonra ballarda müəyyən azalma müşahidə edildi. Son illərdə isə yenidən jurnalistika ixtisasının balında artım müşahidə olunur və bu il də artımın davam edəcəyi ehtimal olunur. Bakı Dövlət Universitetində politologiya və sosial iş kimi ixtisaslarda da keçid ballarının yüksəlməsi mümkündür". Ekspertin sözlərinə görə, prestijli ixtisaslarda keçid balı yüksəldikcə, bu, dolayısı ilə əvvəlki illərdə nisbətən aşağı bal tələb edən ixtisaslarda da balların artmasına səbəb olur: "Məsələn, bəzi özəl universitetlərdə müəyyən ixtisaslar üçün keçid balı 200 civarındadır. Bu il nəticələr ümumilikdə yüksək olduğundan, həmin ixtisaslarda da keçid ballarının artacağı ehtimal olunur". "Abituriyentlərə tövsiyəmiz odur ki, ixtisas seçimində son dərəcə diqqətli olsunlar. Burada səhvə yol vermək olmaz. İşin bir tərəfi bal toplamaqdırsa, işin ikinci tərəfi ixtisas seçimidir. Bu zaman mütəxəssislərin dəstəyindən istifadə etmələri məqsədəuyğundur. Düşünürəm ki, bu il abituriyentlər üçün uğurlu illərdən biri olacaq", - deyə R.Fikrətoğlu əlavə edib.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
18
metbuat.az

1Источники