“Çoxdandır belə komandalara qarşı oynamırıq. Hərçənd, “Linfild” bizə tanış rəqibdir. Onlara qarşı gərgin oyunlarımız keçmişdi. Ümumilikdə sabit komandadır".

Offsideplus.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin püşkatma mərasiminin nəticələrinə münasibət bildirən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Püşkün nəticəsinə görə, Ağdam təmsilçisi "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə görüşəcək.

Q.Qurbanov qarşıdakı sınağa ciddi hazırlaşacaqlarını bildirib: "İrlandiya futbolu da sürətlə inkişaf etməyə başlayıb. Hər iki komanda, bəlkə də, bizə uyğun olmayan rəqibdir. Tez bir zamanda ətraflı məlumat topladıqdan sonra ciddi şəkildə hazırlaşacağıq. Belə komandaların istəyi çox olur, sürətə, güc futboluna üstünlük verirlər. İstənilən halda, Çempionlar Liqasında zəif komanda olmur, hamısı ambisiyalıdır. Bir aya yaxın vaxtımız var. Bu müddətdən düzgün istifadə etmək istəyirik. İlk oyunumuz səfərdə olacaq və bu ölkələrlə məsafə çox uzaqdır. Ancaq bunları özümüzə problem hesab etməli deyilik. Buna uyğun proqram quracağıq. İstənilən çətinliyə, uzaq yola və ya hava şəraitinə baxmayaraq, ilk matça hazır olmağa çalışacağıq”.

Qeyd edək ki, "Qarabağ" ilk oyunu iyulun 22-də və ya 23-də səfərdə keçirəcək.