Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzdə əmək müqavilələrinə dəyişiklik edilib. Lakin bu dəyişikliklərin səbəbi rəsmi olaraq işçilərə açıqlanmayıb.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan mərkəzin əməkdaşı Feyzulla Cəbiyev bildirib ki, son bir il ərzində rəhbərlikdə baş verən kadr dəyişiklikləri qanunvericiliyə zidd qərarların qəbuluna səbəb olub.
“29 və 30 may 2025-ci il tarixlərində mərkəzin direktoru Bəbir Bəbirov və direktor müavini Fuad Nəcəfov işçilərlə iclas keçirərək, nazirlik tərəfindən struktur dəyişikliyi aparıldığını və bu səbəbdən bütün şöbə və vəzifə adlarının dəyişdirildiyini bildirdilər. Onlar bütün əməkdaşlardan öz xahişləri ilə ərizə yazaraq işdən çıxmalarını və daha sonra müddətli müqavilə ilə yenidən işə qəbul olunmalarını tələb etdilər. Əks halda, əməkdaşların ixtisar ediləcəyi qeyd olundu. İşçilər struktur dəyişikliyi ilə bağlı əmrlə tanış olmaq istəsələr də, bu sənəd onlara təqdim edilmədi.”
Feyzulla Cəbiyevin sözlərinə görə, mərkəzdə çalışan 46 nəfərdən 11-i ərizə yazmaqdan imtina edib:
“Mərkəzdə əvvəllər 88 nəfər çalışırdı. Onlardan 42 nəfər başqa qurumlara köçürülüb, 35 nəfərə isə ərizə yazdırılıb. 2–3 iyun tarixlərində rəhbərlik dəfələrlə işçiləri otaqlarına çağıraraq ərizə yazmaları üçün təzyiq göstərib. Ərizə yazmaqdan imtina edən əməkdaşlar isə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə çağırılıb, idarə rəisi İbrahim Əliyev, hüquqşünas Fəxriyyə Zeynallı və kadr məsələləri üzrə məsul şəxs Fərid Əliyev tərəfindən də təzyiqlə qarşılaşıblar.”
Şikayətçi qeyd edib ki, bu təzyiqlər nəticəsində şəkərli diabetdən əziyyət çəkən əməkdaş Samirə Məmmədovanın halı pisləşib, təcili tibbi yardım çağırılaraq evinə aparılıb. Buna baxmayaraq, 4 iyun 2025-ci il tarixində ona yenidən zəng edilərək ərizə yazması tələb olunub.
“Direktor Bəbir Bəbirov, müavini Fuad Nəcəfov və hüquqşünas Fəxriyyə Zeynallı bir neçə əməkdaşı direktorun otağına çağıraraq onlara ixtisar barədə xəbərdarlıq məktubları təqdim etdilər. İşçilər bu qərarın rəsmi əmrlə əsaslandırılmasını istəsələr də, onlara bildirildi ki, bu sənədin təqdim edilməsi zəruri deyil.”
Şikayətçi əlavə edib ki, mərkəzdə çalışanların əksəriyyəti 5–10 il iş stajına malikdir və müddətsiz əmək müqaviləsi ilə fəaliyyət göstərir. Onun sözlərinə görə, hazırda əməkdaşlara təzyiq göstərən direktor və direktor müavini uşaqlıq dostlarıdır.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin mövqeyi də öyrənilib. Nazirlikdən Bizim.Media-ya verilən cavabda bildirilib ki, aparılan dəyişikliklər struktur islahatları ilə bağlıdır:
“Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin yeni strukturu və ştat cədvəli təsdiq olunub. Struktur dəyişikliyinə əsasən əmək müqavilələrində müvafiq dəyişikliklər aparılır.”
Günay Şahmar, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта