RU

Məşhurların “ölüm”ündən reytinq QAZANANLAR - Yalan xəbər yayanları bu cəzalar GÖZLƏYİR

Sosial şəbəkələrdə məşhur insanların ölüm xəbərinin yayılması artıq heç kimi təəccübləndirmir. Tez-tez fərqli platformada, xüsusilə insanlara hər cür neqativi yaymaq, psixoloji təsir etmək imkanı verən “Tiktok”da tanınmış müğənnilərin, aktyorların, blogerlərin ölüm xəbərini görürük. Bir neçə il öncə belə xəbərlər yayılanda insanlar narahat olur, təəssüflənir, jurnalistlər onların ailəsindən ilk xəbəri almaq üçün yarışa girirdilər. Amma artıq gözlər buna öyrəşib. Hər hansı tanınmış şəxsin ölüm xəbəri yayılanda bəziləri yan keçir, bəziləri də sadəcə söyməklə kifayətlənir.

İstənilən halda bunun İP yığmaq üçün olduğunu bilirik. Belə ki, insanlar məşhurlar haqqında xəbərlərə daha çox reaksiya verir, fikir bildirirlər. Hansısa tanınmış adamın ölümü diqqət çəkməyə bilməz. Bu da xəbəri paylaşana tam da lazım olan addımdır – nə qədər çox baxış, bir o qədər də izləmə deməkdir. Nəticədə isə belə dezinformasiya izləyicilər arasında virus kimi yayılır.

Burada sual bu cür “media” səhifələrinin və ya fərdi şəxslərin niyə cəzasız qalmasıdır. Çünki istənilən halda belə xəbərlər kənar insanlara toxunmasa da o məşhurların ailə üzvləri, yaxınları bu xəbərdən üzülə, sarsıla bilər. Hələ xəstəliyi, xroniki problemləri olanlar üçün daha təhlükəlidir.

Bütün bunların qarşısını almaq üçün nə etməli? Bir şəxsin yalan ölüm xəbərini yaymağın hüququ məsuliyyəti varmı?

Mövzuyla əlaqədar Bizim.Media-nın sualını cavablandıran vəkil Vüsal Cəfərov diqqətə çatdırıb ki, bu cür yalan xəbərin yayılması mülki və cinayət məsuliyyətinə səbəb ola bilər.

Belə ki,  Mülki Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 
 

Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir.


Göründüyü kimi şəxsin barəsində yalandan ölüm xəbərini yaymış şəxs həmin məlumatın həqiqətə uyğun olduğunu sübut etmə öhdəliyi daşıyır. Əks halda bununla bağlı vurulmuş ziyanın ödənilməsi öhdəliyi sonuncunun üzərində qalır.

Eyni zamanda Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya internet informasiya ehtiyatında yayma Böhtan cinayət əməlinin tərkibini yaradır.

Həmin maddənin sanksiyasında 1000 manatdan 1500 manatadək cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

Qeyd edək ki, ən çox ölüm xəbəri yayılmış məşhurların içərisində Zeynəb Xanlarova birinciliyi əldən vermir. Xanım müğənni sənətində olduğu kimi burada da ilkdir. Müxtəlif illərdə Xanlarova haqqında ölüm xəbəri “güncəllənib”. Bu günlərdə də İP dilənənlərə yenidən belə gündəm lazım olub ki, müğənninin ölüm xəbərini yenidən yayıblar.  

Şəfiqə Şəfa, Bizim.Media

Избранный
15
1
bizim.media

2Источники