Gəncə, 18 iyun, Elcan Məmmədov, AZƏRTAC
Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından olan Times Higher Education (THE) 2025-ci il üçün “THE Impact Ranking” reytinqini açıqlayıb. “THE University Impact Rankings” BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”nə (DİM) əsaslanan, sosial və iqtisadi töhfələrinə görə fərqlənən ən yaxşı dünya universitetlərini müəyyənləşdirir. Reytinqin 2025-ci il üçün nəzərdə tutulan 7-ci nəşrinə 2318 universitet daxil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilk dəfə bu reytinq qiymətləndirməsində yer almasına baxmayaraq, dünya üzrə 1001-1500 diapazonunda ölkə üzrə 6-cı, region universitetləri arasında 1-ci, həmçinin Dayanıqlı İnkişaf Məqsədləri-2 üzrə (Aclığa son) Azərbaycan universitetləri arasında ilk sırada qərarlaşıb.
ADAU-nun Dayanıqlı İnkişaf Məqsədləri üzrə göstəricilərinə gəldikdə, universitet DİM-2 üzrə (Aclığa son) 955 müəssisə arasında 201-300, DİM-11 üzrə (Dayanıqlı şəhərlər və icmalar) 1154 müəssisə arasında 401-600, DİM-8 üzrə (Layiqli əmək və iqtisadi artım) 1350 müəssisə arasında 601-800, DİM-13 üzrə (İqlim dəyişikliyinə qarşı mübarizə) 1089 müəssisə arasında 601-800 və DİM-17 üzrə isə (Məqsədlər üçün tərəfdaşlıq) 2389 müəssisə arasında 1001-1500 diapazonunda yer alıb.