“Qarabağ”ın yeni transferi, braziliyalı sağ cinah müdafiəçisi Dani Bolt Azərbaycan çempionuna transfer olunmasına münasibət bildirib.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Portuqaliya təmsilçisi “Torrense” ilə vidalaşdığını vurğulayan braziliyalı oyunçu xatirələrini bölüşüb:
“İki mövsümə yaxın çıxış etdiyim, evim olan bu klubla vidalaşmağın vaxtı çatıb. Bir çox oyunlarda mübarizə apardıq, qələbələr, məğlubiyyətlər gördüm, təcrübə qazandım. Hər şeydən önəmli olan odur ki, bu forma və azarkeşlərlə əsl bağlılıq var idi”.
Müdafiəçi ona dəstək olan hər kəsə təşəkkür edib: “Klubun İdarə Heyətinə, məşqçilərə, digər işçilərə, komanda yoldaşlarıma və əlbəttə ki, azarkeşlərə minnətdaram. Bu klub həmişə mənim tariximin bir parçası olacaq. Hər şey üçün çox sağ olun”.
Xatırladaq ki, Dani Bolt “Qarabağ”la 3+1 illik müqavilə imzalayıb. Bu, Azərbaycan çempionunun yeni mövsüm üçün ilk transferidir. Sağ cinah müdafiəçisi “Qarabağ”da 18 nömrəli forma ilə çıxış edəcək.
Tam adı Daniel Lima de Kastro olan futbolçunun son klubu Portuqaliya təmsilçisi “Torrense” olub. O, 2024-cü ilin yanvarından formasını geyindiyi bu komandada 49 oyuna çıxıb, 2 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. Daninin Portuqaliya klubu ilə 2026-cı ilin 30 iyununadək müqaviləsi mövcud idi. Bu üzdən Azərbaycan çempionu onu heyətinə qatmaq üçün təzminat ödəməli olub.
Dani Bolt daha öncə Braziliyada çıxış edib və “Fluminense”, həmçinin “Atletiko Paranaense”, “Vitoriya” və “Yuventude”nin şərəfini qoruyub.