Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) bu ilin əvvəlindən 275 milyon avro məbləğində 23 strateji layihəni təsdiqləyib.
“Report” xəbər verir ki, bunu QDTİB-in vitse-prezidenti Ziya Əliyev Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) plenar sesssiyasında bildirib.
Onun sözlərinə görə, təşkilat çərçivəsində əməkdaşlıq əlaqələri genişləndirilir: “Qara dəniz regionu ölkələri güclü iqtisadi artım nümayiş etdirir. Ötən il region ölkələrində 2,8 %-lik iqtisadi artım nümayiş olunub. Doğrudur, bu, 2021-2023-cü illərin orta göstəricisindən aşağıdır. Amma bu rəqəm Avropa zonasının orta göstəricisindən yuxarıdır. Biz 2025-2026-cı illərdə də bu istiqamətdə fəaliyyətlərimizi davam etdirməyi planlaşdırırıq. Bu, xarici balansların təkmilləşdirilməsinə və fiskal sabitliyi qorunmasına kömək edəcək. Bununla bağlı region ölkələrində həyata keçiriləcək layihələr üçün 9 milyon avro məbləğində maliyyə yardımı ayrılıb”.
Z. Əliyev qeyd edib ki, bu ilin əvvəlindən başlayaraq QDTİB-in Direktorlar Şurası artıq 23 strateji layihəni təsdiqləyib: “Bununla bağlı maliyyə vəsaiti 275 milyon avro məbləğindədir. Bu, dayanıqlı inkişaf sahəsində üzərimizə götürdüyümüz ciddi öhdəliyi nümayiş etdirir. Bunun vasitəsində biz üzv ölkələr arasında regional bağları daha da gücləndiririk. Buraya bir çox sahələr daxildir: infrastruktur, kənd təsərrüfatı, turizm, nəqliyyat, daşınmaz əmlak və digər sahələr”.
QDTİB-in vitse-prezidenti vurğulayıb ki, hazırda bankın ekspertlər heyəti 1,5 milyard avro məbləğində təxminən 50 layihəni nəzərdən keçirir: “Ölkələrimizin iqtisadi inkişafları məhz bizim yardımlarımız nəticəsində həyata keçirilməsi bizim hədəfimizdir”.