RU

İsrail İranın iddialarını təkzib etdi

BAKI, 18 iyun. TELEQRAF

İsrail Müdafiə Qüvvələri İranın İsrail hava məkanına nəzarəti ələ keçirdiyi ilə bağlı irəli sürdüyü iddiaları qəti şəkildə təkzib edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Anna Ukolova bildirib.

Onun sözlərinə görə, bu iddialar reallığı əks etdirmir və dezinformasiya xarakteri daşıyır.

“Hazırda İranın öz hava məkanında belə üstünlüyü yoxdur, o halda bizim hava məkanımıza necə nəzarət edə bilər? Son altı gündə İsrail Hərbi Hava Qüvvələri İran hava məkanında sərbəst şəkildə hərəkət edir, SEPAH-a (İslam İnqilabı Keşikçiləri Korpusu) məxsus mövqelərə zərbələr endirir və təhlükəsiz şəkildə bazalarına qayıdır”, – Ukolova qeyd edib.

O əlavə edib ki, SEPAH komandanlığı hava məkanına nəzarət anlayışını subyektiv formada təqdim edir və faktların yoxlanmasına ehtiyac duymur.

“İsrailə atılan raketlər və pilotsuz uçuş aparatlarının əksəriyyəti hava hücumundan müdafiə sistemlərimiz tərəfindən uğurla zərərsizləşdirilir".

Rəsmi nümayəndə vurğulayıb ki, İran rejimi əməliyyat boyunca reallığı təhrif edir və arzu olunanı həqiqət kimi təqdim etməyə çalışır.

“Media üzərindən bu cür manipulyasiya cəhdlərini biz əvvəllər də müşahidə etmişik. Öz vətəndaşlarını aldatmaqdan çəkinməyən bir rejimin beynəlxalq ictimaiyyəti də saxta xəbərlərlə çaşdırmağa çalışması təəccüblü deyil. Uğur əldə etməyi sözlərlə deyil, real addımlarla sübut etmək lazımdır".

Qeyd edək ki, iyunun 18-də İranın IRNA agentliyi SEPAH-a istinadən yaydığı məlumatda, İran Hərbi Hava Qüvvələrinin İsrailə qarşı gecə həyata keçirdiyi hücum zamanı İsrail hava məkanına nəzarəti ələ keçirdiyini iddia etmişdi.

Избранный
4
teleqraf.com

1Источники