RU

Avropa  Rus qazından imtina edir – Azərbaycanın strateji rolu güclənir

Avropa İttifaqı (Aİ) enerji təhlükəsizliyi ilə bağlı tarixi qərar verməyə hazırlaşır. Aİ Komissiyası Rusiyadan təbii qaz və maye qaz (LNG) idxalının mərhələli şəkildə dayandırılmasını nəzərdə tutan yeni qanun layihəsi təqdim edib. Bu sənədə əsasən, 2028-ci ildən etibarən Avropa Rus qazından tamamilə imtina edəcək.

Bu qərar 2022-ci ildə başlayan enerji müstəqilliyi yol xəritəsinin kuliminasiya nöqtəsidir. Rusiya-Ukrayna müharibəsindən sonra enerji asılılığının Avropanın zəif nöqtəsi olduğu daha açıq göründü və alternativ yollar axtarmağa başladılar.

Avropa Komissiyasının təklif etdiyi plana əsasən:

1 yanvar 2026 – Rusiya ilə yeni qaz müqavilələrinin bağlanması qadağan olunur.

17 iyun 2026 – Qısamüddətli müqavilələrlə qaz idxalı bu tarixədək davam edə bilər.

2027-ci ilin sonu – Uzunmüddətli müqavilələr üzrə boru kəməri ilə qaz tədarükü də dayandırılır.

1 yanvar 2028 – Rusiya ilə enerji əməkdaşlığı rəsmi olaraq sona çatdırılır.

Bu addımlar Avropanın enerji bazarında Rusiya asılılığının tam kəsilməsini və enerji tədarükündə şaxələndirmənin artırılmasını nəzərdə tutur.

Aİ-nin bu strategiyası qlobal qaz bazarında yeni bir dövr açır. Rusiya qazının Avropa bazarından çıxması enerji tədarükçüləri arasında rəqabəti gücləndirəcək. Məhz bu məqamda Azərbaycanın rolu xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan artıq Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracını artırır. TAP (Trans-Adriatik Boru Kəməri) və TANAP (Trans-Anadolu Boru Kəməri) üzərindən Avropaya uzanan bu infrastruktur şaxələndirilmiş enerji siyasətinin əsas sütunlarından biri sayılır. Avropa Komissiyasının rəsmiləri də dəfələrlə Azərbaycanla enerji əməkdaşlığının genişlənməsini strateji prioritet kimi qiymətləndiriblər.

Rusiya kimi nəhəng bir tədarükçünün enerji bazarından çəkilməsi ilk mərhələdə qiymət dalğalanmalarına səbəb ola bilər. Amma uzunmüddətli perspektivdə rəqabətin artması və alternativ mənbələrin bazara çıxması  nəticəsində qiymətlərin sabitləşməsi gözlənilir. Bu proses Avropada bərpa olunan enerji mənbələrinə milyardlarla avroluq investisiyaların yatırılması ilə müşayiət olunur.

Eyni zamanda, bu transformasiya enerji diplomatiyası baxımından da yeni mərhələ deməkdir. Qaz ixrac edən ölkələr artıq yalnız enerji mənbəyi deyil, regional güc mərkəzləri kimi dəyərləndiriləcək. Bu baxımdan Azərbaycanın Cənubi Qafqazda və Xəzər hövzəsində tutduğu mövqe daha da güclənəcək.

 

 

Избранный
14
2
modern.az

3Источники