RU

Konfrans Liqası: Bu gün “Zirə” və “Araz-Naxçıvan”ın rəqibləri bilinəcək

Bakı, 18 iyun, AZƏRTAC

Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Mərasimdə “Zirə” və “Araz-Naxçıvan”ın da rəqibləri müəyyənləşəcək.

Azərbaycan təmsilçiləri püşk zamanı səpələnməmişlər səbətində yer alacaqlar. “Zirə”nin potensial rəqibləri "Hayduk" (Xorvatiya), "Maribor" (Sloveniya), AEK (Afina, Yunanıstan), DAK 1904 (Slovakiya) və AEK (Larnaka, Kipr) - "Partizan" (Serbiya) cütünün məğlubu olacaq. “Araz-Naxçıvan” isə bu mərhələdə “Başakşəhər” (Türkiyə), “Omoniya” (Kipr), “Aris” (Yunanıstan) və ya “Beytar” (İsrail) ilə qarşılaşacaq.

Bu gün, həmçinin UEFA Avropa Liqasında (AL) mübarizə aparacaq "Sabah" komandasının Konfrans Liqasındakı (KL) potensial rəqibi də bəlli olacaq. Azərbaycan təmsilçisi AL-in I təsnifat mərhələsində Sloveniyanın "Tselye" komandasını keçə bilməsə, yoluna KL-də davam edəcək. Bu turnirdə "Sabah"ın mümkün rəqibləri "Rapid" (Avstriya), "Yagelloniya" (Polşa), "Universitatya Krayova" (Rumıniya), "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) və "Atletik" (Eskaldes, Andorra) - "Düdelanj" (Lüksemburq) cütlərinin qalibləri olacaq.

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin matçları iyulun 24 və 31-də keçiriləcək.

Избранный
25
50
azertag.az

10Источники