RU

Tanrı və yaradılışın kodlaşdırılma ehtimalı

IV YAZI

1. Proqramçı Tanrı: İlahi niyyətin kodlaşdırılması

Müasir dövrdə Tanrı anlayışı yalnız klassik teoloji çərçivələrlə deyil, eyni zamanda informasiya fəlsəfəsinin kodları ilə də izah olunmağa çalışılır. Texnoloji mühitdə formalaşmış yeni metafor – Proqramçı Tanrı – ilahi iradəni kainatın kodlaşdırılmış strukturu kimi təqdim edir. Əgər hər şey “Ol” əmri ilə başlanmışdırsa, bu əmri kainatın başlanğıc kodu – ilkin əmri (komanda) kimi də yozmaq mümkündür. Kainat, bu anlamda, bir “sistem proqramı”, yaradılış isə onun işləməyə başlamasıdır.

2. İlahi niyyətin sistemə çevrilməsi: Kainatın arxasındakı kod

Ənənəvi yaradılış nəzəriyyələri kainatı ilahi qüdrətin məhsulu olaraq izah etsə də, informasiya fəlsəfəsində bu qüdrət bir niyyətin algoritmik təcəssümü kimi anlaşılır. Bu zaman belə bir sual doğur: İlahi iradə mütləq determinist idimi, yoxsa kodlaşdırılmış ehtimallar içində “azad seçim” sahələri də var? Kvant fizikası kainatda qeyri-müəyyənlik və ehtimallar prinsipini irəli sürürsə, bəlkə Tanrının proqramlaşdırdığı sistem də ehtimallı strukturlara açıqdır?

3. “Söz”ün ilahi kod səviyyəsi: Kainatın alqoritmi

“İncil”də yazıldığı kimi, “Başlanğıcda Söz var idi. Söz Tanrı ilə idi və Söz Tanrı idi.” Bu ifadə ilahi kəlamın – Logosun – həm məna, həm struktur, həm də funksionallıq daşıyıcısı olduğunu göstərir. Burada “Söz” yalnız məcazi yox, həm də informasiya daşıyıcısı, bəlkə də kodlaşdırılmış ilkin siqnaldır. Bu “söz”də, hər bir varlığın mövcudluğu üçün lazımi məlumat paketi yerləşdirilmişdir.

4. Kodlaşdırılmış insan: Ruh və bədən arasında informasiya körpüsü

“İnsan Tanrının surətində yaradıldı” ifadəsi sadəcə görünüşü yox, daxili strukturu da əhatə edir. Müasir biologiyada insanın genetik kodunun – DNA-nın – mövcudluğu bu fikri bir qədər informasiya səviyyəsinə keçirir: bədən bir informasiya strukturu üzərində formalaşır. Bəs ruh? Ruh, bəlkə də bu sistemdə kodlaşdırıla bilməyən, amma sistemin məqsədini daşıyan ilahi niyyətin canlı fraqmentidir.

5. Kodda boşluqlar: Azad iradə və səssiz əmrlər

Hər kodlaşdırılmış sistemdə boşluqlar, dəyişənlər və ehtiyat sahələr mövcuddur. İnsanın azad iradəsi, ehtimal ki, bu kod boşluqları içində fəaliyyət göstərir. İlahi sistem içində insan həm proqramın iştirakçısı, həm də onun təfsirçisidir. Bəzən isə kodun içində səssiz əmrlər yerləşir – görünməyən, amma istiqamətverici mesajlar. Həyatda qarşılaşdığımız qeyri-müəyyənliklər, bu səssiz əmrlərin işə düşməsi ola bilər.

Nəticə: İlahi kod izi axtarışı

Əgər Tanrı həqiqətən də böyük bir Proqramçı kimi kainatı yaratmışsa, bizim missiyamız bu kodun izlərini tapmaq, onu anlamaq və onunla harmoniyada yaşamaqdır. İdrakın kodlarını çözmək, həm Tanrını anlamağa, həm də özümüzə bir addım daha yaxınlaşmağa xidmət edir.

Oğuz ARİF

Избранный
8
1
xalqqazeti.az

2Источники