RU

Kim kimi yordu - İran, yoxsa İsrail?

Nə Tel-Əviv, nə də Tehran geri çəkilmək niyyətində deyil, vəziyyət daha gərgin fazaya keçə bilər; STM təmsilçisindən xəbərdarlıq: “Müharibə davam edərsə, regionun geosiyasi xəritəsi tamamilə dəyişə bilər”

İsrail və İran 2000-ci illərin əvvəllərindən bəri hərbi münaqişədədir. İran əhalisinin sayına görə İsraildən təxminən 10 dəfə böyükdür. Bununla belə, ÜDM və xüsusilə də müdafiə büdcəsi baxımından İsrail əhəmiyyətli dərəcədə irəlidədir: onun müdafiə xərcləri iki dəfədən artıqdır ki, bu da ordunun texnologiya və texnikasında üstünlük verir.

Daha az sayda olmasına baxmayaraq, İsrail demək olar ki, yarım milyon ehtiyatda olan əsgəri səfərbər edə bilər ki, bu da onun ordusunu çevik və sürətli yerləşdirmə qabiliyyətinə malik edir. İran böyük hərbiləşdirilmiş birləşmələri saxlayaraq kütləvi və say üstünlüyünə arxalanır. İsrail regionda ən qabaqcıl hava donanmalarından birinə malikdir. Beşinci nəsil "F-35" qırıcıları və "F-15" bombardmançı təyyarələri zərbə dəqiqliyi baxımından üstünlük təmin etməklə xüsusilə seçilir.

İran aviasiyası isə 1960-1970-ci illərin köhnəlmiş Amerika istehsalı modellərinə əsaslanır, onların bir çoxu kompleks texniki xidmət və ehtiyat hissələri tələb edir. İsrailin hava hücumundan müdafiəsi “Dəmir günbəz” və ABŞ-la birgə hazırlanmış “Arrow” sistemi İran ərazisindən atılan raketləri tam zərərsizləşdirə bilməsə də, 2000 km-dən çox məsafədə ballistik raketlərin qarşısını almaq üçün nəzərdə tutulub. Bir məqam da xüsüsi vurğulanmalıdır ki, İran raket və PUA-ların sayına görə regionda irəli yerlərdədir. Onun raket proqramı regionda ən böyüyüdür. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, İran uzun mənzilli raketlər də daxil olmaqla, 3000-dən çox ballistik raketə malikdir. İran daha böyük donanmaya malik olsa da, əsasən köhnəlmiş gəmilərdən və Fars körfəzində əməliyyatlar üçün yararlı olan kiçik qayıqlardan ibarətdir. İsrail kiçik donanmasına baxmayaraq, yüksək texnologiyalı sualtı qayıqlara və qanadlı raketləri daşıya bilən modernləşdirilmiş gəmilərə arxalanır. İsrail rəsmi olaraq nüvə silahına malik olduğunu təsdiqləmir, amma İsrailin 80-90 nüvə başlığına malik olduğu təxmin edilir. İran da öz növbəsində nüvə proqramının sırf dinc məqsədli olduğunu iddia edir. Bununla belə, Qərb və İsrail Tehranı nüvə silahı hazırlamaqda şübhələndirir. İranın hazırda heç bir nüvə başlığı olmasa da, xüsusilə uranın zənginləşdirilməsi səviyyəsini nəzərə alsaq, onun nüvə potensialı Qərbdə narahatlıq doğurur.

Ssenari 1: Kontrollu gərginlik və məhdud hava zərbələri. Bu ssenariyə əsasən, tərəflər - xüsusilə ABŞ və Avropa ölkələrinin ciddi təzyiqləri ilə - münaqişəni genişmiqyaslı müharibəyə çevirmədən, daha çox simvolik və xəbərdaredici zərbələrlə kifayətlənəcəklər. Burada əsas məqsəd qarşı tərəfə güc nümayiş etdirmək, lakin tam müharibədən qaçmaqdır. Diplomatik vasitəçilik, BMT səviyyəsində çağırışlar və müvəqqəti sakitlik bu ssenarinin tərkib hissəsidir.

Ssenari 2: Regionda tammiqyaslı müharibə. Əgər tərəflər bu mərhələni keçərsə, münaqişə İranın Livan, Suriya və İraqdakı şiə müttəfiqlərinin - "Hizbullah", HƏMAS və "Həşd Şabi" - vasitəsilə dərinləşəcək. İsrail isə cavab olaraq birbaşa İran ərazisinə - o cümlədən Fordo, Natanz kimi nüvə obyektlərinə - genişmiqyaslı zərbələr endirə bilər. Bu halda Yaxın Şərq 1973-cü ildən sonra ilk dəfə bu ölçüdə genişmiqyaslı müharibə ilə üzləşə bilər.

Ssenari 3: ABŞ rəhbərliyində anti-İran koalisiyası İran İsrailin daxilinə ciddi strateji zərbələr endirərsə və eyni zamanda nüvə silahı istehsalına açıq şəkildə yönəlmiş addımlar atarsa, bu, Tramp administrasiyası tərəfindən “qırmızı xətt” kimi qəbul ediləcək. Nəticədə ABŞ Böyük Britaniya və ərəb müttəfiqləri ilə birlikdə İranın hərbi və nüvə infrastrukturuna qarşı hava kampaniyasına başlaya bilər. Bu isə artıq lokal deyil, qlobal müharibə təhlükəsidir.

Bu arada, İsrail Müdafiə Ordusu gecə saatlarında İrana endirilən zərbələr zamanı İran Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının komandanlığı - “Xatəmül-Ənbiyə” qərargahının rəisi, SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) generalı Əli Şadmanini öldürüb. Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. “İsrail Müdafiə Ordusu İran rejiminin yüksək rütbəli hərbi komandirini zərərsizləşdirib. Dəqiq kəşfiyyat məlumatları əldə edildikdən sonra gecə saatlarında İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Tehranın mərkəzində yerləşən qərargaha aviazərbə endirərək, hərbi qərargahın rəhbəri, İran lideri Əli Xameneyiyə ən yaxın şəxslərdən biri və ən yüksək rütbəli hərbi komandir olan Əli Şadmanini öldürüb”, - bəyanatda deyilir. Qeyd olunur ki, Şadmani bu vəzifəyə 4 gün əvvəl İsrailin zərbələri nəticəsində öldürülən general Qulam Əli Rəşidin yerinə təyin olunmuşdu.

İyunun 17-də İran İsrail kəşfiyyatının (Mossad) binasına raket hücumu edib. Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Yazı çapa hazırlanarkən İranın İsrailə qarşı yeni raket hücumları dalğasına başladığı məum oldu. Məlumat İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında yer alıb. “Bir neçə dəqiqə əvvəl SEPAH Aerokosmik Qüvvələri tərəfindən əvvəlkindən daha güclü və dağıdıcı raket hücumlarının yeni dalğası başladı”, - İRNA agentliyi SEPAH mətbuat xidmətinin bəyanatında deyilir.

SEPAH İsrail hərbi kəşfiyyatının Təl-Əviv ətrafında yerləşən “Glilot” hərbi bazasına raket zərbəsi endirib. Göründüyü kimi, tərəflərdən heç biri geri çəkilmək, yaxud da masada oturmaq istəmir. Ortaya sual çıxır: İran viran olsa, nələr baş verəcək? Gedişat hara aparır?

Tural

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hazırda İsrail və İran arasında aktiv hərbi münaqişə Yaxın Şərq tarixində dönüş nöqtəsidir: “Uzun illərdir davam edən qarşılıqlı ittihamlar, kölgə savaşı və proksi toqquşmalar indi açıq və birbaşa qarşıdurma formasını alıb. Bu proses artıq sadəcə iki dövlətin münaqişəsi deyil, geniş regionu və qlobal gücləri əhatə edən sistem böhranıdır. Münaqişənin başlanğıcı diplomatiyanın tam tükəndiyini və təhlükəsizlik mühitinin ciddi şəkildə sarsıldığını göstərir. İsrail ilk zərbələrdə dəqiqlik və sürət prinsipinə əsaslanaraq İranın strateji obyektlərini - xüsusilə hava hücum qüvvələri, raket bazaları və kommunikasiya mərkəzlərini - hədəfə alır. Bu yanaşma müharibənin ilk mərhələsində texnoloji üstünlüyü maksimum dərəcədə istifadə etmək strategiyasına əsaslanır. İran isə cavab zərbələrində regional dərinliyini və raket imkanlarını önə çıxarır. Raket və PUA hücumları geniş ərazini əhatə edir və qarşı tərəfin müdafiə imkanlarını test edir. Münaqişənin paralel cəbhələrə yayılması - xüsusilə Livan, Suriya, İraq və Yəməndəki silahlı qrupların aktivləşməsi daha da dərinləşərsə - savaşın lokal deyil, sistematik xarakter aldığını göstərir”.

T.İsmayılov qeyd etdi ki, burada təkcə fiziki zərbələr yox, informasiya mühiti və psixoloji təsir də mühüm rol oynayır: “İsrailin hava hücumundan müdafiə sistemləri yüksək effektivlik nümayiş etdirsə də, mülki itkilərin tam qarşısını almaq mümkün olmur. İranın cavab mexanizmi isə daxili rəyə və beynəlxalq siyasi arenaya mesaj xarakteri daşıyır. ABŞ və onun bəzi müttəfiqləri münaqişəyə dolayısı ilə daxil olaraq, öz hərbi mövcudluğunu gücləndirir və İsrailin müdafiəsinə siyasi dəstək verir. Bu fonda Körfəz ölkələrinin mövqeyi diqqətlə izlənilməlidir - çünki onların tutacağı tərəf regionun gələcək təhlükəsizlik arxitekturasını formalaşdıracaq. Münaqişənin uzanması neft qiymətlərinə və beynəlxalq bazarlara da ciddi təsir edir. Enerji tədarük yolları təhlükə altına düşdükcə, Avropa və Asiya ölkələrinin siyasi mövqeləri dəyişə bilər. İranın hərbi infrastrukturu üzərinə endirilmiş zərbələr texniki baxımdan müəyyən nəticələr versə də, bu onun regional nüfuzunu tam zəiflətməyə kifayət etmir. İranın təhlükəsizlik doktrinası uzun illərdir proksi güclərə və asimmetrik cavablara əsaslanır. Bu strategiya indi də tətbiq olunur və müharibənin klassik sərhədlərini aşmasına səbəb olur. İsrail üçün isə münaqişə həm strateji təhlükəni zərərsizləşdirmək, həm də daxili ictimai dəstəyi möhkəmləndirmək vasitəsidir. Lakin hər iki tərəfin qarşılıqlı zərbələri həm də humanitar böhrana yol açır. Mülki infrastrukturun zədələnməsi və əhali arasında itkilər beynəlxalq ictimaiyyətin narahatlığını artırır. BMT və digər beynəlxalq qurumlar atəşkəs çağırışları etsə də, real təsir mexanizmləri məhduddur. Münaqişənin diplomatik həlli üçün vasitəçilik səyləri bu mərhələdə zəif görünür. Regional və beynəlxalq aktorlar arasında etimad səviyyəsinin aşağı olması bu prosesi çətinləşdirir. Əgər müharibə davam edərsə, regionun geosiyasi xəritəsi tamamilə dəyişə bilər. Yeni təhlükəsizlik alyansları, sərhəd dəyişiklikləri və silahlanma yarışları mümkün ssenarilər sırasındadır”.

Ekspert bildirdi ki, İranın hərbi obyektlərinin vurulması onun müdafiə qabiliyyətinə təsir etsə də, bu uzunmüddətli sabitlik və təhlükəsizlik anlamına gəlmir: “Eyni zamanda İsrailin sərhədlərinə yaxın olan cəbhələrdəki aktivlik onun üçün də davamlı təhdid yaradır. Qlobal güclər arasında qarşıdurmaların artdığı bir dövrdə bu müharibə, sadəcə, regional məsələ kimi qiymətləndirilə bilməz. Əgər münaqişə idarəolunmaz hala gələrsə, bu, beynəlxalq hüququn nüfuzuna və dünya nizamının legitimliyinə ciddi zərbə vurar. Dünya bu qarşıdurmadan dərs çıxarmalı, münaqişənin deyil, sülhün qurulmasına sərmayə yatırmalıdır. Müharibələr texniki məsələləri həll etsə də, siyasi və sosial problemləri daha da dərinləşdirir. İranın gələcək mövqeyi onun müharibədən sonra göstərəcəyi strateji çeviklik və diplomatik manevrlərlə müəyyən olunacaq”. T.İsmayılov vurğuladı ki, İsrail üçün də davamlı təhlükəsizlik yalnız hərbi güclə deyil, regional inteqrasiya və dialoqla mümkündür: “Münaqişənin nəticəsi hansı tərəfin üstünlük qazandığından daha çox, kimin daha uzaqgörən və sabitlikyönümlü strategiya yürütməsindən asılı olacaq. Qlobal sistem isə bu münaqişəyə müşahidəçi kimi deyil, fəal vasitəçi kimi yanaşmalıdır. Çünki sabitlik yalnız razılaşma ilə mümkündür, üstünlük oyunu ilə yox”.

Избранный
42
50
turkustan.az

10Источники