
Qala konsert Xalq artisti Alim Qasımov və qrupunun ifasında "Muğamat var olan yerdə..." adlı musiqi nömrəsi ilə başa çatıb. Bütün ifalar tamaşaçıların alqışları ilə qarşılanıb. Qeyd edək ki, “Muğam aləmi” festivalı çərçivəsində Azərbaycan, Türkiyə, Tacikistan, Özbəkistan, Səudiyyə Ərəbistanı və Çindən olan gənc istedadların iştirakı ilə muğam müsabiqəsi keçiriləcək. Festivalın proqramına XIII əsrin görkəmli musiqişünası Səfiyəddin Urməvinin nəzəri və praktik irsi ilə bağlı simpozium, İçərişəhərdə Azərbaycan radiosunun 1950-60-cı illərin “Muğam saatı” proqramı əsasında interaktiv səs performansı və “Muğam 12” musiqi marafonu da daxildir. Festival boyunca Azərbaycanın tanınmış muğam ifaçılarının iştirakı ilə ustad konsertləri də olacaq. Müsabiqənin bağlanış mərasimi isə muğamın beşiyi olan azad Qarabağda – Ağdam Muğam Mərkəzində keçiriləcək.