RU

Hindistan İranla İsrailin arasında təhlükəli ikibaşlı oynayır...


Elşad Həsənov: “Hindistanın susqun mövqedən çıxış etməsinin səbəbi Dehlinin Vaşinqtonla olan yaxınlığıdır”

İsrail-İran müharibəsi Hindistanı da ciddi narahat edir. Birincisi, Hindistan İrandan neft alır və bu ölkədə vəziyyət gərginləşərsə, Hindistanın İrandan neft alması çətinləşəcək. İkincisi, Hindistan İranın Cabahar limanının yenidən qurulmasına 24 milyon dollar yatırım qoyub.

Limanın yenidən qurulmasının ümumi dəyəri isə 370 milyon dollardır. Müharibə davam edərsə, Hindistan bir müddət bu limandan istifadə edə bilməyəcək. Üçüncüsü, İsrail-İran müharibəsinin davamı Hindistanın ümid bəslədiyi Şimal-Cənub nəqliyyat dəhlizindən istifadəni mümkünsüz hala gətirəcək.

Buna baxmayaraq, Hindistan Çin və ya Rusiya kimi İsrailin İrana hücumunu qınayan bəyanat yaymayıb. Hindistan Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olsa da, qurumun İsrail əleyhinə hazırladığı bəyanata imza atmayıb. Dehlinin belə fərqli, o cümlədən ikibaşlı mövqe sərgiləməsi nə ilə bağlıdır?

“Yaranan iqtisadi kollaps elədir ki, bu, bütün region ölkələrinə öz təsirini göstərəcək”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi ekspert Elşad Həsənovun fikrincə, İsrail-İran müharibəsi şiddətləndikcə, bunun təsir dairəsi genişlənir: “İyunun 13-dən başlayan müharibə çərçivəsində İsrail “Fordo” nüvə mərkəzini dağıtmasa dayanmayacaq. Təbii ki, bu müharibə başlayandan sonra dünyada neftin qiyməti bahalaşdı. Əgər Hörmüz boğazı da bağlanarsa, qiymətlərin daha yüksək olacağı barədə proqnozlar var. Neftin qiymətinin hətta 200 dollara qalxacağı bildirilir. Təbii ki, proseslərin bu cür inkişafı Hindistanın İranın Cabahar limanının qurulmasına yönəltdiyi sərmayələri təhlükə altına qoyur. Belə gedərsə, təbii ki, Şimal-Cənub nəqliyyat dəhlizindən istifadə etmək mümkün olmayacaq. Bu zaman əsas itirən tərəflərdən biri də Hindistan olacaq. Bu, təkcə Hindistanın deyil, digər region ölkələrinin də iqtisadi maraqlarına zərbə vurur. Hindistan bunu pisləməsə də, Çin İsrailin hücumunu pisləyir. Hindistanın susqun mövqedən çıxış etməsinin səbəbi Dehlinin Vaşinqtonla olan yaxınlığıdır. Çünki Hindistanın Baş naziri Narendra Modi dəfələrlə ABŞ-la münasibətlərinin yaxşı olduğunu deyib və bu yöndə ciddi qarşılıqlı addımlar atıblar. Hesab edirəm ki, Dehli məhz bu nöqteyi-nəzərdən siyasi maraqlarını nəzərə alır. İqtisadi maraqlarının zərbə altına düşməsinə göz yumur. Hindistan Çin və Rusiya ilə eyni cərgədə İsrailə qarşı durmaq istəmir. Dehli hesab edir ki, bu, həm də ABŞ-a qarşı olmaq deməkdir. Ancaq istənilən halda, baş verənlər Hindistanın da iqtisadiyyatına çox ciddi təsir edəcək. Hindistan Çinin əzəli rəqibi olduğu üçün istəyir ki, ABŞ bu ölkəni zəiflətsin. Ancaq yaranan iqtisadi kollaps elədir ki, bu, bütün region ölkələrinə öz təsirini göstərəcək. O cümlədən, Hindistan da bundan itki ilə çıxacaq”.

Vidadi ORDAHALLI

Избранный
39
baki-xeber.com

1Источники