"Mən rəqibə qarşı hörmətsizlik göstərmək istəmirəm. Amma düşünürəm ki, o, mənim səviyyəmdə deyil".
Offsideplus.az xəbər verir ki, bu sözləri UFC Baku Fight Night yarışının əsas döyüşünün iştirakçılarından biri Camal Hill deyib.
İyunun 21-də Bakıda keçiriləcək yarış barədə danışan ABŞ idmançısı rəqibi Xalil Rountrini tərifləsə də, qələbəyə kökləndiyini gizlətməyib.
"Xalilin güclü zərbələri var, heç vaxt dayanmır, təslim olmur, geriyə çəkilmir. O, iliyinə qədər döyüşçüdür. Ancaq mən onda elə bir cəhət görmədim ki, məni bu sual barədə düşündürməyə vadar etsin: "O, mənim səviyyəmə uyğundur?" O mənim üçün təhlükəlidirmi? Bəli, çünki bu döyüşdür. Döyüş zamanı hər bir idmançı uğursuzluq yaşaya bilər. Bu mənada Xalil hörmətə layiqdir. Lakin mən indi titul və reytinq barədə fikirləşmirəm. Tək düşündüyüm məqam şənbə günü oktaqona çıxmaq və Rountri üzərində dominantlıq etməkdir", - deyə C.Hill vurğulayıb.
Qeyd edək ki, əsas kartın döyüşləri iyunun 21-də saat 23-dən etibarən başlanacaq.