ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Son günlər Yaxın Şərqdə baş verən hadisələr beynəlxalq gündəmin əsas mövzusuna çevrilib. İranın nüvə proqramı ətrafında illərdir davam edən gərginlik 2025-ci ilin iyun ayında hərbi fazaya keçib. İsrailin İranın müxtəlif hərbi obyektlərinə zərbələr endirməsi, İranın isə cavab olaraq Tel-Əviv başda olmaqla, digər şəhərlərə raket hücumlarına başlaması regionu böyük müharibə təhlükəsilə üzləşdirib.
İran ilə İsrail arasında hazırda da davam edən hərbi toqquşmalar yalnız region üçün deyil, bütövlükdə Avrasiya coğrafiyası üçün ciddi təhlükə siqnalıdır.
Bizim üçün ən mühüm suallardan biri isə budur: Bu gərginliyin Azərbaycan üçün iqtisadi nəticələri nə ola bilər?
Qeyd edək ki, İran və İsrail regionda ərzaq, sənaye məhsulları və enerjiyə çıxış imkanlarına təsir edən iki mühüm dövlət olmaqla yanaşı, eyni zamanda Azərbaycan üçün əhəmiyyətli tranzit qovşaqları ilə bağlıdır. Məlumata görə, 2024-cü ildə İran İslam Respublikası ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,3 faizi həcmində olub. Hesabat ilində Azərbaycan İrana 14 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Ötən il ölkəmiz İrandan məhsul idxalını illik müqayisədə 160 milyon ABŞ dolları və ya 33,8 faiz artıraraq 633 milyon dollara çatdırıb. Cənub qonşumuzdan alınan məhsullar ölkəmizin ümumi idxalının 3,01 faizini təşkil edib. Bu tendensiya 2025-ci ilin ilk aylarında da davam edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-mart aylarında Azərbaycanla İran İslam Respublikası arasında ticarət əməliyyatlarının həcmi 157,2 milyon dolları təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,3 milyon dollar və ya 16,5 faiz çoxdur. Hesabat dövründə İran İslam Respublikası ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,30 faiz həcmində olub.

Bu ilin birinci rübündə Azərbaycandan İran İslam Respublikasına 4,9 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu sahədə 1,7 milyon dollar və ya 50,7 faizlik artım qeydə alınıb. Eyni zamanda, hesabat dövründə İrandan ölkəmizə 248,8 milyon dollar dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20,6 milyon dollar və ya 15,7 faiz artım deməkdir. İrandan idxal edilən ərzaq məhsulları (xüsusilə meyvə-tərəvəz, çay və ət) Azərbaycanın bazarında ucuz alternativlər hesab olunur. Müharibə səbəbindən bu kanalların bağlanması daxili bazarda ərzaq qiymətlərini yüksəldə bilər.
İsrailə gəlincə, 2024-cü ildə Azərbaycan ilə İsrail arasında ticarət əlaqələri əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə zəifləyib. İki ölkə arasında ümumi ticarət dövriyyəsi 760,2 milyon ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 46 faiz azalma deməkdir. Ticarət dövriyyəsinin əsas hissəsini Azərbaycan tərəfindən İsrailə ixrac olunan məhsullar – xüsusilə də xam neft təşkil edib. Belə ki, 2023-cü ildə bu göstərici 1,4 milyard dollar olduğu halda, 2024-cü ildə İsrailə ixrac 733,5 milyon dollara düşüb. Bu, Azərbaycanın ümumi ixracında İsrailin payının da azalmasına səbəb olub. İsraildən Azərbaycana idxal olunan məhsullar əsasən kimyəvi maddələr, sənaye avadanlıqları, tibbi və optik cihazlar, həmçinin aqrar texnologiyalar sahəsinə aid məhsullardır.
Mövzunu "AzPolitika"-ya şərh edən iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, hələlik İran və İsrail arasında başlayan hərbi münaqişənin Azərbaycana birbaşa iqtisadi təsirlərindən danışmaq tezdir: "Lakin müharibə getdikcə genişlənir, sənaye obyektləri, enerji stansiyaları, qaz hasilatı sahələri bombalanır. Bu vəziyyət yaxın 2-3 həftədə bölgə üzrə ticarət və logistika sisteminə mənfi təsir edə bilər".
Ekspert qeyd edir ki, İran Azərbaycan üçün vacib ticarət və tranzit tərəfdaşlarından biridir: "Xüsusilə də Naxçıvana quru yolla mal göndərməkdə İran marşrutu həlledici rol oynayır. Əgər müharibə səbəbindən bu yol bağlanarsa, yüklərin Gürcüstan üzərindən daşınması tələb olunacaq ki, bu da həm məsafəni artıracaq, həm də logistika xərclərini yüksəldəcək. Bu dəyişiklik nəqliyyat sahəsində əlavə yüklənməyə və tədarük zəncirində gecikmələrə də səbəb ola bilər. Digər əhəmiyyətli məsələ isə İranın Bəndər-Abbas limanıdır. Bu liman vasitəsilə Azərbaycan Çin və digər Uzaq Şərq ölkələri ilə ticarət aparır. Əgər müharibə limanın fəaliyyətinə təsir edərsə, həmin istiqamətdəki ticarət əlaqələri iflic ola bilər. Bu isə idxal məhsullarının azalması və qiymət artımı ilə nəticələnəcək".
"Bölgədəki gərginlik enerji bazarına da təsir göstərməkdədir. Müharibənin başladığı gündən etibarən neftin dünya bazar qiyməti yüksəlməkdədir. Həmçinin qaz qiymətlərində də artım müşahidə olunur. Bu, Azərbaycan üçün müəyyən dərəcədə müsbət iqtisadi nəticə yaradır. Bununla belə, münaqişənin davam etməsi daha geniş problemlər doğura bilər. Azərbaycan İranla təkcə tranzit sahəsində deyil, eyni zamanda ərzaq və sənaye məhsullarının idxalında da əməkdaşlıq edir. İranda vəziyyətin pisləşməsi nəticəsində ərzaq məhsullarının təchizatında pozulmalar baş verə bilər. Bu da ölkəmizdə ərzaq qiymətlərinin artmasına və bazarda təzyiqlərin yüksəlməsinə səbəb ola bilər. Ən ciddi risklərdən biri isə mümkün qaçqın axınıdır. Əgər müharibə daha da şiddətlənərsə və İran əhalisi təhlükəsizlik məqsədilə ölkəni tərk etməyə məcbur qalarsa, bu zaman Azərbaycan sosial və humanitar problemlərlə qarşılaşa bilər", - ekspert qeyd edib.
E. Bəyməmmədli
"AzPolitika.info"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.