RU

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır

Ses qazeti saytına istinadən ain.az xəbər verir.

1993-cü ildə ölkədə baş verən qardaş qırğınları, parçalanma meyllərinin başlanması, Azərbaycanın bir dövlət kimi tamamilə məhv edilməsi planı işə salınmışdı. Həmin il iyun ayının 4-də Surət Hüseynovun nəzarəti ilə hərbiçilərin hakimiyyətə itaətsizliyi nəticəsində ölkə xaosa sürüklənir. Onlar get-gedə özbaşınalıqlarını daha da artıraraq, Milli Məclisin sədrinə, daha sonra isə prezidentə ultimutum göndərərək, istefaya getmələrini tələb edirlər. Gəncədən başlayan qiyam artıq Bakıya doğru istiqamət alırdı. Vəziyyətin ciddiyyətini nəzərə alan ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək, ondan kömək istəyir.

1993-cü il iyun ayının 15-də aparılan danışıqlar nəticəsində İsa Qəmbər istefa verərək, öz səlahiyyətlərini Heydər Əliyevə verir. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan böyük bir bəladan qurtularaq, müstəqil şəkildə idarə edilməyə başlanılır.

Heydər Əliyevin göstərdiyi xidmətləri dəyərləndirən xalq 1997-ci il iyun ayının 15-dən etibarən həmin günü Azərbaycan Xalqının Milli Qurtuluş Günü kimi qeyd etməyə başlayır. 1998-ci ildənsə həmin günə dövlət statusu verilir.

Həmin dövrü xatırlayan ümummilli lider Heydər Əliyev o dövrü təhlil edərkən deyir: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan xalqının qurtuluşu idi. Sovet hakimiyyətinin dağıdılması, dövlət idarələrində baş verən hərc-mərclik və özbaşınalıqlar, ölkənin yalnış idarə edilməsi, hakimiyyət üstündə artan mübahisə və söz-söhbətlər məhz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə öləziyir, xalq öz lideri vasitəsilə müstəqillik əldə edir.

Heydər Əliyev uzaqgörən lider, ağıllı siyasətçi, səbirli, təmkinli dövlət başçısı idi. O, çox gözəl bilirdi ki, pərən-pərən salınmış xalqı bir arada tutmaq, onlara gözəl gələcək bəxş etmək elə də asan deyil. Ancaq bütün bu çətinliklərə, maddi-mənəvi sıxıntılara, ağır böhrana baxmayaraq, Heydər Əliyev böyük islahatlar həyata keçirtməyə, bir-birinin ardınca bütün sahələri əhatə edən qərarlar imzalamağa başlayır.

Ümummilli lider həmin günləri xarakterizə edərək qeyd edir ki: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub-saxlanılmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”.

Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə baş verən hərc-mərclik və gərginlik səngidi, onun yorulmaz fəaliyyəti ilə Azərbaycan qüdrətli bir dövlətə çevrilməyi bacardı.

Heydər Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın nüfuzu bütün dünyada artdı. Onun qəbul etdiyi müxtəlif qərarlar ilə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf Azərbaycanın bir dövlət kimi möhkəmlənməsində, azərbaycanlıların strateji mənafelərinin qorunmasında və modern cəmiyyətin qurulmasında mühüm rol oynadı.

Ümumilli lider Heydər Əliyevin uğurlu və uzaqgörən siyasətini Ali Baş Komandan İlham Əliyev bu gün layiqli şəkildə davam etdirir.

PƏRVANƏ TALIBOVA

YAP Yasamal rayon təşkilatının fəalı, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının müəllimi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
sesqazeti.az

1Источники