RU

Səhiyyə Nazirliyində Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd edilib

Lətifəyə oxşayır, amma gerçək xəbərdir və başlığı da bu cürdür: "Rusiya İsraillə İran arasında münaqişədə vasitəçilik etməyə hazırdır - Kreml".

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Jurnalistlər ona Vladimir Putinin münaqişə tərəfləri ilə mümkün təmasları barədə sual veriblər, o da belə cavab verib.

Burada ironik məqam ondan ibarətdir ki, bir müddət əvvəl başqa dövlətlər Rusiyanın öz müharibəsinin vasitəçisi olmaq istəyirdilər və Kreml belə təşəbbüslərə, ən yumşaq halda məhəl qoymurdu.

İndi öz münaqişəsini 3 il 4 aydır həll edə bilməyən dövlət iki Yaxın Şərq ölkəsinin arasında "ağsaqqallıq" etmək istəyir.

Peskov deyib ki, Moskva bundan əvvəl də vasitəçilik təklif edib və bu təkliflər qüvvədə qalır.

Bəs bu, necə vasitəçilik olacaq ki, Moskva tərəflərin birinə, İranla yaxınlıq edir, digərini isə üç böyük düşmənindən biri sayır.

Vasitəçiliyin qızıl şərtlərindən biri odur ki, arada sülh yaratmaq istəyən dövlət qarşı duran tərəflərə eyni gözlə baxsın, tərəf tutmasın, neytral olsun.

Rusiya bu mövqedə deyil. Ümumiyyətlə, dünyada elə bir münaqişə yoxdur ki, Rusiya ona münasibətdə tərəflərin hansınasa qahmar çıxmasın.

Böyük münaqişələrdə hər zaman öz mənafeyini güdən dövlətlər heç vaxt neytral olmurlar, mütləq bir tərəfin üstün olmasını, daha çox şey əldə etməsini istəyirlər.

Putinin son bir neçə gündə İsrailin baş naziri Benyamin Netanyahu, İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Trampla telefon danışığı aparmasının İsrail-İran müharibəsinin səngiməsinə elə bir təsiri yoxdur və olmayacaq.

Hazırlığı illərlə (hətta on illərlə) sürən bu müharibənin bir neçə günün içində dayandırılması mümkün deyil. Bu, o zaman ola bilər ki, tərəflərdən biri digərini çökdürsün, kapitulyasiyaya, təslimçi sülhə vadar etsin. 
Düzdür, Hindistan-Pakistan savaşı qüdrətli dövlətlərin təzyiqi, tövsiyəsi ilə çox da qızışmadan dayandırıldı, amma məsələ bundaydı ki, o savaş qəfildən başlanmışdı, tərəflərin düşmənçilikləri "soyuq müharibə" səciyyəliydi və qanlı müharibəni davam etdirməkdə israrlı deyildilər.

Üstəlik, həm Hindistan, həm də Pakistan rəhbərləri "böyük sözü dinləyən" adam çıxdılar, ABŞ prezidenti Donald Trampın və BMT-nin baş katibi Antonio Quterrişin sözünü eşitdilər, aviasiya-raket savaşını bitirdilər.

İranla İsrailin müharibəsi isə "ölüm-qalım" məsələsidir. İranın 6 ərzində 10 nüvə bombasına yetəcək qədər zənginləşdirilmiş uran əldə edə biləcəyi ehtimalı bu müharibənin əsas səbəbidir və dünya yığılsa da, İsrail həmin "ehtiyat"ı məhv etməyincə sakitləşməyəcək.

Necə deyərlər, Netanyahu başladığı hərbi kampaniyanı indi saxlasa, bu, "yarımçıq qalmış iş" sayılacaq.
Ancaq beynəlxalq vasitəçilər İrandan nüvə silahı yaratmayacağına və ölkənin atom sənayesinə nəzarətə mane olmayacağına dair ciddi təminat alsalar, o zaman araya girə, İsrailiin qolunu tuta bilərlər.

Putinlə yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da İran və İsrail arasında gedən müharibədə sülh təşəbbüsü ilə çıxış edib, münaqişənin dayandırılması və nüvə danışıqlarının bərpası üçün vasitəçi rolu oynamağa hazır olduğunu bəyan edib.

Ancaq Türkiyənin də vasitəçiliyi eyni səbəbdən effektiv ola bilməz. İsrail 2010-cu ildən etibarən Türkiyə hakimiyyətinə etimad bəsləmir. Ona qədər müttəfiq olan bu iki ölkənin arasındakı "van minut" intriqasının ömrü artıq 15 ili adlayıb.

2010-cu ildən əvvəlki vaxt olsaydı, Türkiyə dünyadakı bütün dövlətlərdən daha artıq ötkəmliklə araya girər, həm müsəlman qonşusuyla, həm də müttəfiqiylə dil tapa, optimal çıxış yolu əldə edə bilərdi. İndi isə Ankaranın Təl-Əvivlə münasibələri dostcasına deyil.

Həm də "nüvə danışıqlarının bərpası", "diplomatik masaya dönüş" ifadəsi sürüşkəndir. İsrail üçün bu müzakirə artıq bitib, ox yaydan çıxıb. "Nüvə danışıqlarının bərpası" isə yenidən İranın bazarlıq və manevrlər etmək şansı qazanması deməkdir.

Bu gedişlə 1-2 ay danışıqlar aparandan sonra Tehran, həmişə olduğu kimi, "nüvə proqramından heç vəchlə imtina etməyəcəyi"ni desə, necə olacaq? Onda da raket müharibəsinin bərpası gündəmə gələcək.

Ona görə də bu cür münaqişələrdə vasitəçilik etmək istəyənlərin əlində tərəflərə təsir göstərmək, onları qarşılıqlı güzəştlərə vadar etmək, yeri gəlsə, hər ikisinə təminat vermək üçün ciddi rıçaqlar olmalıdır. Rusiyanın araya girmək üçün haqqı, Türkiyənin isə rıçağı yoxdur.

Ümid edək ki, İsrail-İraq savaşı 44 günə qalmaz, bitər, region əhli rahat nəfəs alar.

P.S. Biz beynəlxalq vasitəçiliyin effektsizliyini 28 il boyunca Qarabağ münaqişəsində ATƏT-in Minsk qrupunun timsalında görmüşük. Həmsədrlərin niyyəti münaqişəni ədalətli həll etmək deyildi, ona birtəhər son qoymaq, erməni dövlətini regionda gücləndirmək idi.

Xalid KAZIMLI

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
15
olaylar.az

1Источники