RU

İlmələrdə gizlənən tarix - Azərbaycan Milli Xalça Muzeyindən - VİDEOREPORTAJ

İlmələrdə
Azərbaycanın ən məşhur və qədim dekorativ-tətbiqi sənət növlərindən biri xalçaçılıqdır. İlk baxışda bir-birinə bənzəyən bu sənət nümunələrinin dili, əslində, anlaya bilənlər üçün olduqca mənalı və zəngindir. Xalçalarda təkcə toxucunun əl bacarığı yox, həm də daxili dünyası əks olunur. Hətta keçmişdə bir qıza elçi düşəndə, toxuduğu xalçalara baxaraq onun daxili dünyasını duymağa çalışarmışlar.
Dərinliyinə gedildikcə insanı valeh edən bu sənət nümunələrini görmək üçün ən ideal yerlərdən biri, sözsüz ki, Azərbaycan Milli Xalça Muzeyidir. Həm yerli, həm də əcnəbi ziyarətçilərə qucaq açan muzey “xovlu” və “xovsuz” xalçalar başda olmaqla olduqca zəngin kolleksiyaya malikdir. Bu kimi qədim xalçalara olan maraq barəsində muzeyin direktoru Əminə Məlikova da danışıb. Onun sözlərinə görə, ötən il 150 mindən çox ziyarətçi qəbul edən muzeyin ən qədim xalçası XVII əsrə aiddir. Burada, həmçinin, 14 toxucu fəaliyyət göstərir. Bu toxucular qədim və bu günədək gəlib çatmamış xalçaların replikalarını da toxuyurlar.
Muzeydə nümayiş olunan, rəngarəng və hər biri özünəməxsus auraya malik olan bu xalçalarla nağıllardakı kimi uça bilməsək də, onların xəyali qanadları ilə qədim dövrlərə səyahət edirik. Bu möcüzəvi aləmə etdiyimiz səfərdəki yol yoldaşımız isə muzeyin bələdçisi Ülkər Rəhimzadədir. Onun bilikləri yumoru ilə birləşərək ziyarətimizi daha da unudulmaz və əyləncəli hala gətirir. Ülkər xanımın sözlərinə görə, muzeyin ən maraqlı eksponatlarından biri amerikalı kolleksiyaçı tərəfindən muzeyə bağışlanan, XVII əsrə aid əjdaha kompozisiyalı xalçadır. Belə ki, kolleksiyaçı vəsiyyət edib ki, ölümündən sonra bu xalçanı Azərbaycanın muzeyinə hədiyyə etsinlər. “Ona öz xalqı yaxşı baxar”, – deyə qeyd edib. Muzeyin ən gözoxşayan nümunələrindən biri isə italyan kolleksiyaçı tərəfindən ərmağan edilən “Qızqarıdan xalça”dır. Belə ki, xalçanın haşiyələri digər xalçalarla müqayisədə həm çoxlu, həm də xırdadır. “Qızqarıdan xalça”nın bu yumoristik adı daşımasının arxasında onun toxunma prosesinə sərf olunan vaxt, çəkilən böyük zəhmət və göstərilən səbir dayanır. Burada ən diqqətçəkən məqamlardan biri də inklüziv muzey layihəsi çərçivəsində Brayl əlifbasından istifadə olunmasıdır. Belə ki, görmə məhdudiyyətli insanlar üçün nəzərdə tutulmuş qabarıq toxunmuş kiçikölçülü ornamentlər və Brayl əlifbası ilə qeyd olunmuş məlumat lövhələri muzeyin hər kəs üçün əlçatan olmasını təmin edir.
Muzeyin ən gənc, lakin bir o qədər də dəyərli nümunələrindən biri isə “Zəfər xalçası”dır. İlk olaraq həmin vaxtlar işğal altında olan torpaqlarımızın xəritəsi çəkilib. Daha sonra isə azad edildikcə, xəritədə hər bir yerin canlandırılması məhz o bölgəyə məxsus ornamentlərlə həyata keçirilib və xalça indiki halını alıb. Xalçanın “Əl-ələ” adlanan motivlə tamamlanması isə birliyi təcəssüm etdirir. Bu da belə bir sosial mesaj verir: Qarabağı bütün Azərbaycan qoruyur. 1news.az Azərbaycan Milli Xalça Muzeyindən reportajı təqdim edir. FOTO - VİDEO - Nadir İbrahimli
Избранный
4
1news.az

1Источники