RU

"Burada gələcəyin Avropa, dünya və olimpiya çempionları üzə çıxır"

"Tək yeniyetmələrimiz deyil, həm 23 yaşlılar, həm də böyüklərimiz bir neçə ildir Avropa çempionu titulunu qazanırlar".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev jurnalistlərə açıqlamasında deyib.

"Sevindirici haldır ki, bütün yaş kateqoriyaları üzrə qələbə qazanan idmançılarımız bayrağımızı yüksəyə qaldırır, beynəlxalq arenalarda Dövlət Himnini səsləndirirlər", - N.Abdullayev bildirib.

O, idmançıların Güləş Federasiyası tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb: "U-15 və U-17 sərbəst güləşçilər üçün Federasiya tərəfindən son illərdə hər bir şərait yaradılıb.

Müxtəlif bölgələrdə beynəlxalq yarışlar üçün təlim-məşq toplantıları təşkil olunub. Nailiyyətlər isə göz qabağındadır".

N.Abdullayev qeyd edib ki, son 4 ildə 15 yaşlıların zona yarışları keçirilir: "Ölkə çempionu olan idmançılar Gənclər və İdman Nazirliyi tərəfindən Avropa çempionatında iştirak etmək üçün seçilir. Məhz bu yarışlarda gələcəyin Avropa, dünya və olimpiya çempionları üzə çıxır".

Komitə üzvü yüksək nəticə göstərən güləşçiləri təbrik edərək, onlara gələcək yarışlarda uğurlar arzulayıb və dünya çempionatında da eyni nəticəni əldə edəcəklərinə əmin olduğunu söyləyib.

Azərbaycanın yeniyetmələrdən ibarət sərbəst güləş millisi Avropa çempionu olub. Azərbaycan yığması qitə birinciliyində uğurlu cıxış edərək 6 medal qazanıb.

Məsul yarışda 3 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edilib. Bu nəticə ilə 151 xal toplayan millimiz növbəti dəfə Avropa çempionu olub. Ukrayna 144 xalla ikinci, Gürcüstan isə 116 xalla üçüncü yeri tutub.

Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Rəvan Həsənzadə (48 kq), Ruslan Əlizadə (55 kq) və Səid Paşayev (92 kq) qızıl, Həsən Həsənov (60 kq) gümüş, Ramal Mirhüseynov (51 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medal qazanıb.

Избранный
8
1
sportinfo.az

4Источники