RU

Azərbaycanın regional münaqişələrə sərgilədiyi sabit neytrallıq

Aprelin sonlarında İran prezidentinin Bakıya rəsmi səfərinin əsas məqsədlərindən biri Azərbaycanla münasibətlərdə yeni səhifə açmaq və gözlənilən geosiyasi gərginlik zamanı şimal sərhədlərinin ona qarşı istifadə edilməyəcəyinə zəmanət almaq idi. .Münaqişənin ilk saatlarında Azərbaycan XİN-in bəyanatı və daha sonra Azərbaycan və İran XİN rəhbərlərinin telefon danışığı ilə bağlı açıqlamada Azərbaycan tərəfi ölkə ərazisindən İrana qarşı heç bir addımın atılmasına imkan verilməyəcəyini açıq şəkildə bəyan etdi. Bu, beynəlxalq hüquqa uyğun neytral mövqe olmaqla yanaşı, İranın aprel ayında Bakıdan arzuladığı "geosiyasi zəmanətin" rəsmi təsdiqi kimi də şərh edilə bilər.
Bu gün İsrail mətbuatı yeni bir iddia ortaya atıb. İsrail mediası iddia edir ki, rəsmi Tehran Azərbaycana vasitəçilik üçün müraciət edib. Bu xəbər inandırıcıdır və əsasən XİN rəhbərlərinin telefon danışığından sonra yayılıb. Görünən odur ki, İran Xarici İşlər Naziri azərbaycanlı həmkarı ilə danışığı zamanı bu məsələni gündəmə gətirib və Azərbaycan tərəfi Təl-Əvivlə mövcud birbaşa diplomatik kanallar vasitəsilə bu məsələyə dair məlumatı İsrail tərəfinin diqqətinə çatdırıb. Münaqişənin dayandırılması üçün təmaslar Təl-Əviv–Bakı–Tehran kanalı üzərindən aparılır. Rəsmi İsrail də Azərbaycan üzərindən aparılan təmasların effektivliyini bilir. Daha əvvəl Bakı üzərindən Türkiyə ilə qurulan diplomatik kanal nəticə vermiş və münasibətlərin normallaşmasına nail olunmuşdu.
Beləliklə, Bakı özünü Yaxın Şərqdə ən sərt düşmənçilik münasibətləri ilə tanınan iki dövlət , İran və İsrail , arasında etibarlı kommunikasiya kanalı kimi təqdim edə bilib.
Məncə, münaqişənin açıq fazaya keçməsinə qədər də Təl-Əviv-Bakı-Tehran arasında məxfi diplomatik kanal fəaliyyət göstərib. Hətta İran prezidentinin Bakıya aprel səfəri ərəfəsində və ondan sonra bu kanal vasitəsilə ciddi təmaslar həyata keçirilib.
Azərbaycanın regional münaqişələrə sərgilədiyi sabit neytrallıq kursu sadəcə passiv tamaşaçı rolu oynamır, əksinə bu sabit neytrallıqla rəsmi Bakı aktiv vasitəçilik missiyasını öz üzərinə götürür. Bu mövqe əslində ölkənin strateji əhəmiyyətini daha da artırır. Son illər Bakı üzərindən həyata keçirilən diplomatik təmaslar göstərir ki, Azərbaycan təkcə enerji və logistika qovşağı deyil, eyni zamanda effektiv diplomatik əlaqə və kommunikasiya qovşağıdır.
Aqil Məmmədov, siyasi ekspert
Избранный
11
news365.az

1Источники