RU

Bakı və Ankaranın tarixi qərarı “Bu, strateji səfərbərlikdir!”

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

15 iyun 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, Cənubi Qafqazın təhlükəsizlik arxitekturasında da tarixi dönüş nöqtəsi kimi qiymətləndirilir.

Dörd il ərzində regionda mühüm geosiyasi dəyişikliklər baş verib. Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edib, Ermənistanla danışıqlarda irəliləyiş əldə olunub. Bununla yanaşı, Rusiya ilə münasibətlərdə artan gərginlik və informasiya müharibəsi fonunda Şuşa Bəyannaməsinin əhəmiyyəti yenidən müzakirə mövzusuna çevrilib.

Globalinfo.az-a şərh edən politoloq Aytən Qurbanovanın sözlərinə görə, sənəd təkcə iki qardaş ölkə arasında diplomatik münasibətlərin güclənməsi deyil, həm də uzunmüddətli strateji əməkdaşlığın real çərçivəsidir:

“2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanmış bu sənəd yalnız iki qardaş ölkə arasında diplomatik münasibətlərin yeni mərhələyə keçidi deyil, həm də Cənubi Qafqazın təhlükəsizlik arxitekturasında tarixi dönüş yaradan önəmli hadisədir. O zamandan bu günə qədər regionda mühüm dəyişikliklər baş verib. Azərbaycan suverenliyini tam bərpa edib, həmçinin Ermənistan ilə danıqlar prosesində müəyyən irəliləyişlər əldə edilib. Lakin eyni zamanda yeni risklər və çağırışlar da meydana çıxıb. Xüsusilə də, Rusiya ilə münasibətlərdə artan gərginlik, hibrid təzyiqlərin çoxalması və informasiya müharibəsinin genişlənməsi fonunda Şuşa Bəyannaməsinin müddəaları yenidən geniş müzakirələrə səbəb olub.

Sənəd konkret hərbi müdafiə öhdəliyi daşımır. Yəni NATO Nizamnaməsində olduğu kimi “birinə hücum – hamıya hücum” prinsipi burada tətbiq olunmur. Buna baxmayaraq, bəyannamədə tərəflərdən birinə qarşı təhlükə yaranacağı təqdirdə birgə məsləhətləşmələrin aparılması nəzərdə tutulur. Bu isə heç də sənədin siyasi çəkisini və praktiki əhəmiyyətini azaltmır. Əksinə, son illərdə baş verən hadisələr göstərir ki, sənəd yalnız diplomatik niyyət bəyanatı deyil, həm də strateji səfərbərlik sənədidir.

Aytən Qurbanova

Həmçinin oxuyun:

Şuşadan başlayan yeni dövr – 4 ildə nələr dəyişdi?

Azərbaycan və Türkiyə arasında onlarla birgə hərbi təlimlər keçirilib, müdafiə sənayesi sahəsində birgə müəssisələr yaradılıb, Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə ordusu ilə taktiki uyğunluğu xeyli artıb və eləcə də, qardaş ölkə ilə təhlükəsizlik və kəşfiyyat sahəsində əməkdaşlıq genişlənib. Bütün bunlar onu göstərir ki, Şuşa Bəyannaməsi kağız üzərində qalan diplomatik sənəd yox, strateji əməkdaşlıq üçün işlək çərçivədir”.

Politoloq hesab edir ki, Azərbaycana hərbi təhdid olsa, Türkiyənin sərt reaksiya verməsi istisna edilmir:

“Əgər təzyiqlər informasiya və diplomatik müstəvidə baş verərsə, cavab da həmin kontekstdə olacaq. Azərbaycan və Türkiyə arasında qarşılıqlı inam amili də bunda az əhəmiyyət daşımır. Bu, təkcə siyasi deyil, həm də psixoloji faktor olaraq gələcək qərarların formalaşmasında mühüm rol oynaya bilər.

Hər iki ölkənin rəhbərliyi dəfələrlə bəyan edib ki, “bir millət – iki dövlət” prinsipi yalnız şüar yox, real strateji yanaşmadır.

Nəticə etibarilə, Şuşa Bəyannaməsi zamanın sınağından çıxmış, təkcə diplomatik ifadələrlə məhdudlaşmayan, praktik təmələ əsaslanan və Azərbaycanın təhlükəsizlik sistemində mühüm yer tutan sənəd kimi aktuallığını qorumaqdadır”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
28
globalinfo.az

1Источники