RU

ABŞ-ın 31 təyyarəsi Avropaya endi – Trampdan mesaj: “İran hücum edərsə…”

  ABŞ Hərbi Hava Qüvvələri böyük sayda yanacaq doldurma təyyarəsini Avropaya yerləşdirib. Bu addımın ABŞ Prezidenti Donald Trampa İran və İsrail arasında kəskinləşən gərginlik fonunda alternativlər təqdim etmək məqsədi daşıdığı bildirilir.

Bu barədə “Reuters”in eksklüziv məqaləsində deyilir. Məlumatı agentliyə danışan iki amerikalı rəsmi təsdiqləyib.

Rəsmilər həmçinin ABŞ-ın “Nimitz” adlı təyyarədaşıyan gəmisinin də öncədən planlaşdırılmış yerləşdirmə çərçivəsində Yaxın Şərqə doğru yola çıxdığını bildiriblər. Gəmi 5000-ə yaxın şəxsi heyət və 60-dan çox hərbi təyyarə daşıma gücünə malikdir.

Bütün bu hərbi hərəkətlər ABŞ-ın Yaxın Şərqdə potensial genişmiqyaslı əməliyyatlara hazırlaşdığını və bölgədə güclənən müharibə fonunda hava gücünü artırdığını göstərir.

“AirNav” adlı uçuş izləmə saytının məlumatına görə, bazar günü 30-dan çox ABŞ Hərbi Hava Qüvvələrinə məxsus yanacaq doldurma təyyarəsi – əsasən KC-135 və KC-46 modelləri – ABŞ-dan ayrılaraq Avropaya istiqamətlənib.

Rəsmilər təyyarələrin dəqiq sayını şərh etməyiblər. Pentaqon məsələ ilə bağlı Ağ Evə yönləndirib, lakin Ağ Ev “Reuters”in sorğusuna cavab verməyib.

“ABŞ-ın birdən-birə 20-dən çox yanacaq təyyarəsini Avropaya göndərməsi adi hal deyil. Bu, açıq şəkildə strateji hazırlıq siqnalıdır. İsrailin dəstəklənməsi və ya uzaqmənzilli əməliyyatlara hazırlıq – nə olursa olsun, logistika burada açar rol oynayır”, – “Dyami Security Intelligence” şirkətindən bildirilib.

“AirNav” əlavə edib ki, ABŞ təyyarələri artıq Almaniyadakı Ramşteyn bazası, Birləşmiş Krallıq, Estoniya və Yunanıstan daxil olmaqla bir neçə Avropa ölkəsinə eniş edib.

Hazırda ABŞ əsasən İsrailə daxil olan raketlərin vurulmasına yardım göstərir. “Reuters”in bildirdiyinə görə, Tramp İranın Ali Dini Lideri Əli Xameneinin öldürülməsi planını veto edib. ABŞ rəsmilərindən biri deyib ki, amerikalılar hədəfə alınmadığı müddətcə Vaşinqton İran rəhbərliyinə qarşı birbaşa addım atmaq niyyətində deyil.

Tramp isə İsrailin hücumlarını təqdir etdiyini və Tehrana ABŞ obyektlərinə hücum etməməsi barədə xəbərdarlıq etdiyini bildirib.

Digər bir yüksək vəzifəli ABŞ rəsmisi isə regiondakı hərbi fəaliyyətlərin tamamilə müdafiə xarakterli olduğunu vurğulayıb. Məsələ ilə tanış başqa bir mənbə deyib ki, ABŞ regional ölkələri müdafiə hazırlığı gördükləri barədə məlumatlandırıb, lakin İran ABŞ obyektlərinə zərbə endirərsə, hücum planlarına keçəcəklər.

Hazırda ABŞ-ın Yaxın Şərqdə 40 minə yaxın hərbçisi, o cümlədən hava hücumundan müdafiə sistemləri, qırıcı təyyarələr və raketləri məhv etmək imkanına malik hərbi gəmiləri mövcuddur.//Globalinfo.az  

Избранный
14
1
referans.az

2Источники