RU

Sərhədlərin bağlı saxlanılması: Uzaqgörən addımın milli təhlükəsizlik baxımından əhəmiyyəti

Pandemiya dövründə bütün dünyada sərhəd nəzarəti və karantin rejimi kimi tədbirlər fövqəladə hallara uyğun şəkildə tətbiq olunurdu. Azərbaycanda da bu çərçivədə quru sərhədlərin bağlanması vacib addım kimi qəbul olundu. Lakin pandemiyanın fəal fazası başa çatdıqdan sonra sərhədlərin açılmaması cəmiyyətdə və siyasi spektrdə müxtəlif müzakirələrə səbəb oldu. Müxalif dairələr bu məsələni siyasi müstəviyə daşımağa, hökumətin qərarını ictimai narazılıq predmeti kimi təqdim etməyə çalışsalar da, zaman keçdikcə regionda baş verən proseslər bu qərarın nə qədər əsaslı və uzaqgörən olduğunu açıq şəkildə ortaya qoydu.

Geosiyasi reallıqlar və Azərbaycan üçün risklər

Azərbaycanın yerləşdiyi coğrafi məkan strateji baxımdan həm imkanlar, həm də təhlükələr mənbəyidir. Hazırda ölkənin iki böyük qonşusu – İran və Rusiya – ya birbaşa, ya da dolayı şəkildə müharibə vəziyyətindədir.

Rusiya artıq üç ildən çoxdur ki, Ukrayna ilə davam edən genişmiqyaslı və çoxcəhətli bir hərbi qarşıdurma aparır. Bu münaqişə təkcə Şərqi Avropa üçün deyil, bütün postsovet məkanı üçün təhlükəsizlik çağırışları yaradır. Digər tərəfdən, İran və İsrail arasında silahlı toqquşmalar son günlər yeni və daha intensiv fazaya keçib. İsrailin İranın nüvə və hərbi obyektlərinə endirdiyi zərbələr, o cümlədən İranın buna cavabları bölgədə faktiki müharibə şəraitinin yaranmasına gətirib çıxarıb. İndi hamı daha aydın başa düşür ki, sərhədlər niyə bağlı saxlanılırdı. Çünki bu kimi gərginliklər gözlənilən idi.

Prezident İlham Əliyevin mövqeyi: Dövlətçilik prinsipiallığı

Prezident İlham Əliyev dəfələrlə çıxışlarında sərhədlərin bağlı saxlanmasının təsadüfi və ya qapalı siyasət addımı olmadığını, bu qərarın əsaslı geosiyasi və təhlükəsizlik səbəblərinə əsaslandığını vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın daxili sabitliyi və ictimai təhlükəsizliyi hər şeydən önəmlidir və sərhəd məsələsində qərar verilərkən məhz bu prioritetlər əsas götürülüb.

Prezident İlham Əliyev 2024-cü ilin aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda qeyd edib ki, Sərhədlərin bağlı saxlanılması qərarı bölgədəki qeyri-sabitlik və artan xarici təhlükələr fonunda Azərbaycanın milli təhlükəsizliyini qorumaq məqsədilə atılmış strateji və zəruri addımdır.

Ətrafımızda qeyri-sabitliyin müxtəlif sahələrini görürük. Quru sərhədinin bağlı saxlanması qərarı COVID səbəbi ilə verilib. Biz hələ də formal olaraq karantin mərhələsindəyik, amma, eyni zamanda, açıq deməliyik ki, sərhədlərin bağlı qalması qərarı təkcə buna əsaslanmır. Biz indi görürük ki, artıq bir müddət keçdikdən sonra sərhədlərin bağlı olması Azərbaycanda təhlükəsizliyi gücləndirib. Əvvəlki dövrlərdə belə hallar çox olub, bəziləri açıqlanıb, digərlərini ictimaiyyətləşdirməmişik. Kənardan ciddi təhlükə və problemlərlə üzləşirdik. Bütün potensial risklərimizin kənardan ola biləcəyini deyəndə, məhz bunu nəzərdə tuturdum. Məncə, təfərrüatlara çox varmasam, başa düşəcəksiniz. Amma Prezident, milli təhlükəsizlik məsələləri ilə gündəlik məşğul olan bir şəxs kimi deyə bilərəm ki, biz sərhədlərimizi bağladıqdan sonra milli təhlükəsizliyimiz üçün çox böyük faydalar gördük və bu, reallıqdır. Bəli, insanlar bunu nəzərə almalıdırlar. Biz başa düşürük ki, Azərbaycanda insanlar üçün, eləcə də qonşuluğumuzda yaşayan azərbaycanlılar və başqa millətlər üçün narahatlıq var, lakin milli təhlükəsizlik bütün digər hisslərdən və ya bütün digər səbəblərdən üstün olmalıdır. Xüsusən də şimal sərhədimizdə müharibə, cənub sərhədimizdə böhran olduğu bir vaxtda. Ətrafda isə yağışdan sonra göbələk kimi yaranan yeni münaqişə zonası var və mən hesab edirəm ki, Azərbaycan xalqı bunu başa düşür.

Zaur

Prezident yanında İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov APA-ya açıqlamasında vurğulayıb ki, quru sərhədlərin bağlı saxlanılması dəyişən regional təhlükələr fonunda milli təhlükəsizlik, suverenlik və ictimai sabitliyi qorumağa yönəlmiş strateji və uzaqgörən addımdır.

Son illərdə Azərbaycan qonşu dövlətlərlə quru sərhədlərini bağlı saxlayaraq regional təhlükəsizlik və daxili sabitliyi prioritet olaraq ön plana çıxarıb. Bu qərar ilk mərhələdə pandemiya səbəbilə ictimai sağlamlığın qorunmasına yönəlsə də, dəyişən geosiyasi reallıqlar fonunda daha geniş milli təhlükəsizlik məqsədlərinə xidmət edir. Rusiya-Ukrayna müharibəsinin davam etməsi, İran ətrafında dərinləşən böhran və İsrail-İran qarşıdurmasının açıq hərbi müstəviyə keçməsi regionda ciddi risklər yaradıb. Belə bir şəraitdə, Azərbaycanın sərhədləri qapalı saxlamaq qərarı suverenlik, təhlükəsizlik və dövlət idarəçiliyi baxımından strateji və uzaqgörən addım kimi dəyərləndirilməlidir. Sərhədlərin qapalı qalması xarici təxribatların, radikal qrupların və kəşfiyyat şəbəkələrinin ölkəyə sızmasının qarşısını alır, ideoloji təsir risklərini minimuma endirir və xüsusi xidmət orqanlarının sərhədyanı fəaliyyətdə manevr imkanlarını məhdudlaşdırır. Eyni zamanda, bu siyasət sərhəd bölgələrində yaşayan əhalinin təhlükəsizliyini və sosial sabitliyini təmin etməklə dövlət nəzarətinin effektivliyini artırır və daha sabit ictimai mühit formalaşdırır.”

Избранный
20
5
publika.az

9Источники