Nəşrə görə, iclasın gündəliyində birinci məsələ “terrorçulardan azad Türkiyə”, yəni PKK-nın silahsızlaşdırılması proqramıdır. Daha əvvəl bəzi türk ekspertləri həyəcan siqnalı verərək bildirmişdilər ki, Təbriz və digər şəhərlərə edilən İsrail hücumları bölgədə kürd təsirini gücləndirmək və Türkiyəni mühasirəyə almaq məqsədi güdür. Bu fikirlər İranın kürd təşkilatlarının PKK lideri Abdullah Öcalanın Türkiyəyə qarşı silahlı mübarizənin dayandırılması çağırışını rədd etməsi ilə əsaslandırılır.
İclasda ən mübahisəli məsələnin İsrail-İran münasibətləri ilə bağlı vəziyyət, bölgədə artan gərginlik, bu məsələdə Türkiyənin mövqeyi və prezident Ərdoğanın diplomatik addımları olacağı gözlənilir. Nəşrin yazdığına görə, “müharibə Türkiyənin qapısına dayanıb”.
Rusiyanın “Regnum” agentliyi isə yazır ki, Türkiyə hər nə qədər İran əleyhinə İsrail hücumlarını yüksək səviyyədə pisləsə də, bu, Ankaranın və Tehranın bölgədə rəqib olmaqdan çəkildiyi anlamına gəlmir. ABŞ və Türkiyə prezidentləri arasında hansı detallı məsələlərin müzakirə olunduğunu yalnız ehtimal etmək olar. Daha əvvəl İsrail Suriya ərazisində Türkiyənin yenidən qurmağı planlaşdırdığı bir sıra hərbi obyektlərə məhdud miqyasda zərbələr endirmiş, hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmışdı.
Türkiyə ilə ABŞ arasında əsas “sınaq nöqtəsi” Suriyanın şimalındakı “kürd muxtariyyəti” məsələsi olaraq qalır. Ankara əmindir ki, İsrail həmin qurumu gücləndirmək və rəsmiləşdirmək niyyətindədir və Suriyanın siyasi bütövlüyünün parçalanmasına çalışır. Eyni qaydada, Türkiyədə İranla bağlı da bənzər narahatlıqlar var. İranın kürd bölgələri həm Türkiyə, həm də Naxçıvanla sərhəddə yerləşir.
Aydın görünür ki, İran əleyhinə potensial ABŞ-İsrail müharibəsi ciddi siyasi nəticələr doğuracaq. İranın parçalanması ehtimalı kifayət qədər yüksək qiymətləndirilir. Bu mərhələdə Türkiyə bu ssenaridə maraqlı görünmür. Amma Ankara sadəcə izləyici kimi də qala bilməz, o, ABŞ-nin İsrail vasitəsilə İranı “yenidən dizayn etməsini” gözləməyi düşünmür.