Dünyaca məşhur moda evi "Balensiyaqa"nın kolleksiyalarına ilham verən qeyri-adi mənbə – Ukraynanın Lvov şəhərində yaşayan evsiz Slavik olub.
Valyuta.az xəbər verir ki, o, zibilliklərdən və ianə edilmiş geyimlərdən yığdığı unikal tərzi ilə qısa müddətdə diqqət mərkəzinə düşüb.
Fotoqraf Yurko Dyaçişın 2011–2013-cü illərdə Slavikin gündəlik geyimlərini foto-layihə halında sənədləşdirib və bu görüntüləri "Slavik’s Fashion" adlı Instagram səhifəsində yayımlayıb. Slavikin heç bir geyimi iki dəfə geyinməməsi və fərqli stillərlə küçəyə çıxması onu Lvovun moda simasına çevirmişdi.
Bu qeyri-adi vizual materiallar qısa müddətdə viral yayılıb və "Balensiyaqa" kimi yüksək moda evlərinin diqqətini çəkib. Qərb moda brendləri bu üslubu öz podiumlarına daşımağa başlayıb. "Vogue" jurnalı Slaviklə müsahibə aparmaq istəsə də, bu mümkün olmayıb – çünki 2013-cü ilin yanvar ayından etibarən Slavik qəfildən yoxa çıxıb və bir daha görüntülənməyib.
Slavikin hekayəsi sadəcə həyat tərzi ilə deyil, həm də qlobal moda sənayesinə təsir etmə potensialı ilə diqqət çəkir. Bu nümunə göstərir ki, ilham və kreativlik yalnız lüks büdcələrlə deyil, real həyatın içindəki sadəlik və orijinallıqla da ortaya çıxa bilər.
Mayya Hüseynova