RU

İsrail daxilində panika yaşanır Əhali supermarketləri boşaldır...

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaxın Şərqdə yenidən alovlanan hərbi qarşıdurmalar təkcə cəbhə xəttində deyil, dövlətlərin daxilində də ciddi sosial-iqtisadi silkələnmələrə yol açır. İran raketlərinin kütləvi şəkildə İsrail şəhərlərini vurması bu ölkənin daxilində də panikaya səbəb olub. 

"AzPolitika" Türkiyə mediasına istinadən xəbər verir ki, müharibənin ilk dəfə İsraildə də hiss olunması əhalinin gündəlik həyatına birbaşa təsir göstərməkdədir. Artan qeyri-müəyyənlik fonunda milli valyuta olan şekel dollar qarşısında 2% dəyər itirib. Bu isə həm investorların, həm də vətəndaşların psixoloji vəziyyətinə mənfi təsir edir.

İsrail mediasının məlumatına görə, ölkə daxilində supermarketlərdə izdihamlı vəziyyət müşahidə olunur. Əhalinin kütləvi şəkildə ərzaq və digər zəruri məhsulları ehtiyat məqsədilə alması nəticəsində satış səviyyəsi bəzi ticarət şəbəkələrində 300%-ə qədər artıb. Nəticədə müəyyən kateqoriyalara aid məhsulların rəfləri tamamilə boşalıb. Bu vəziyyət bir tərəfdən ərzaq inflyasiyası riskini artırır, digər tərəfdən isə logistik təzyiqləri və istehsal zəncirində fasilələri qaçılmaz edir.

“Barclays” və “EY-Parthenon” beynəlxalq maliyyə qurumlarının verdiyi açıqlamalarda bu qarşıdurma mümkün “qlobal tənəzzül ssenarisi” kimi qiymətləndirilir. Xüsusilə neftin bahalaşması təkcə yanacaq xərclərini deyil, eyni zamanda daşınma, kənd təsərrüfatı və sənaye istehsalı sahələrində də ciddi xərclərin artmasına səbəb olacaq. Qlobal təchizat zəncirinin bir daha sarsılması ehtimalı, inkişaf etməkdə olan ölkələrdə ərzaq və enerji qıtlığına yol aça bilər.

Bu proseslərin mərkəzində duran ən vacib strateji obyekt Hayfa limanıdır. İsrailin idxalının 30 faizini qarşıladığı bu liman həm iqtisadi, həm də geosiyasi baxımdan olduqca əhəmiyyətlidir. Limanın fəaliyyətinin pozulması və ya mümkün hərbi zərbəyə məruz qalması İsrail iqtisadiyyatını ciddi böhranla üz-üzə qoya bilər. Hayfa limanı təkcə malların ölkəyə daxil olduğu qapı deyil, eyni zamanda Çin və ABŞ arasında Yaxın Şərqdə gedən strateji rəqabətin də əsas mərkəzlərindən biridir. Bu da limanı regiondakı hərbi əməliyyatların mümkün hədəfinə çevirir.

İsrail daxilindəki bu iqtisadi və sosial gərginlik təkcə ölkənin öz sərhədləri ilə məhdudlaşmır. Yaxın Şərqdə sabitliyin pozulması və beynəlxalq ticarət yollarının təhlükə altına düşməsi artıq Avropa və Asiya bazarlarında da narahatlıqla izlənilir. Şekelin dəyər itirməsi, ərzaq məhsullarına olan tələb partlayışı və strateji limanlara olan risklər gələcəkdə daha dərin iqtisadi və geosiyasi qarşıdurmalara zəmin yarada bilər. Bu isə dünyanın yeni bir çoxvektorlu böhranla üzləşməsi ehtimalını gündəmə gətirir.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
azpolitika.info

1Источники