ain.az, Dogru.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bir Livan restoranında gecədir. Arxa planda saksafonun yumşaq, cazibəli səsi yayılır. İşıqlar solğun, masalarda şam işığı oynayır. Kimi şərab içir, kimi yeməyinə çəngəl batırır. Amma bu sakit gecənin fonunda baş verənlər sanki başqa bir aləmin sarsıdıcı əks-sədasıdır: İrandan İsrailə atılan bombalar, səmada yanaraq iz buraxan raketlər, səmanın fonunda qığılcımlanan müharibə fişəngləri…
Müharibəni ən bəsit formada dilə gətirsək bu bir faciədir deyərik. Müasir insan şərab içib, yemək yeyərkən bu səhnəni qorxusuz, təşviş və panika yaşamadan seyr edir. İnsanlar telefonlarını çıxarıb bu mənzərəni videoya çəkirlər. Biri “Zoom” edir, digəri sosial şəbəkəyə paylaşır. Kimsə deyir: “Nə gözəl görüntüdür, sanki festivaldı…” Gözələrinə parıltılı atəşfəşanlıq kimi görünən bu bombalar bir necə dəqiqədən sonar yüzlərlə ailənin sonu olacaq. Ölümlə nəticələnəcək hadisəyə qarşı bu qədər soyuyan insan duyğusu haradan qaynaqlanır?
Müharibə artıq ekrana sığacaq qədər “adi”ləşib. İnsanlıq, fəlakətə artıq göz yumur. Livanda baş verən bu səhnə təkcə lokal bir soyuqqanlılıq deyil – bu, bütün dünyanın ruhunun donmasıdır. Əvvəllər bir bombanın xəbəri ilə ayağa qalxan bəşəriyyət, indi onun videosunu estetik çərçivəyə salmağa çalışır.
Bir zamanlar “bomba” deyəndə, qorxu, qaçış, hayqırtı düşünülürdü. İndi “gözəl raket izi”, “unikal kadrlar”, “səmada atəşfəşanlıq effekti” kimi sözlər eşidirik. İnsanlar artıq müharibəyə canlı yayım kimi baxır, ölüm və dağıntı onların emosional sərhədlərindən kənarda qalır.
Bu səhnə göstərir ki, insan artıq təkcə başqasının acısına deyil, öz təhlükəsinə də laqeyd qalır. Öz ölkəsində, bir neçə kilometr uzaqda bomba partlasa belə, o, musiqi altında yeməyini davam etdirə bilir. Bəlkə də bu, qorxunun zirvəsidir – o qədər qorxmuşuq ki, artıq hiss etmirik. O qədər öyrəşmişik ki, reaksiya verə bilmirik.
Bu həm də empatiya itkisi, informasiya dövrünün doğurduğu duyğu keyləşməsi, xəbərlərin, videoların, canlı yayımların insanın iç dünyasını zəbt etməsinin nəticəsidir. Biz hiss etmək yerinə baxmağa, düşünmək yerinə paylaşmağa meyillənmişik.
Əgər bir cümlə bu mənzərəni izah etməyə kifayət edərsə, o budur: “Müharibənin kölgəsində musiqi çalınır, insanlar çəkir, amma kimsə hiss etmir.” Bu, XXI əsrin insanının portretidir – texnologiyaya, məlumat bolluğuna bürünüb, hisslərdən uzaq düşmüş bir portret.
Dünyanın harasında olursa olsun, bomba atılanda, bir insan qorxanda, bir ana ağlayanda – bu, bəşəriyyətin qan yaddaşına yazılır. Lakin o yaddaş artıq silinməkdədir. Livanda bir restoranda sakitcə izlənən o raketlər, bəlkə də gələcəyin ən kədərli arxivlərindən biri olacaq.
Tüzalə Əzimova
DOĞRU.AZ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.