RU

Əməliyyat zamanı eltisinin ölümünə səbəb olan Ülviyyə İlyasovanı hansı məmur himayə edir? – MƏRHUMUN ANASINDAN PREZİDENTƏ MÜRACİƏT

Bakı şəhər sakini Qəhrəmanova Sara Məmməd qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya müraciət edir:

“Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Hörmətli Leyla xanım!

Mən, Qəhrəmanova Sara Məmməd qızı, yazaraq sizlərdən kömək istəyirəm. Qızım Vəliyeva Səbirə Fərhad qızı 2024-cü il aprel ayının 15-də tibbi təhsili olmayan Ülviyyə İlyasova tərəfindən əməliyyat olunub. “Həkim” Ülviyyə İlyasova əməliyyat sonrası qızımı maşını ilə öz evinə aparıb. Orada qızım qanaxmadan vəfat edib.

Qeyd edim ki, adını çəkdiyim “həkim” qızımın eltisi olub. Qızımın 2 övladı anasız qalıb.

Ötən ilin sentyabrında Yasamal Rayon Prokurorluğunun hadisə ilə bağlı yaydığı məlumatda bildirilirdi ki, “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovanın “liposaksiya-piysovurma” əməliyyatı icra etdikdən sonra Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə, yaşadığı fərdi evə apararaq, onu həkim nəzarətindən kənar saxlayıb. Həmçinin, növbəti gün qanaxma baş verdikdə isə xəstəni köməksiz vəziyyətdə qoyaraq, keçirdiyi əməliyyat nəticəsində baş vermiş kəskin qan itirmədən Səbirə Vəliyevanın ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Hazırda isə Ülviyyə İlyasova 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda, o, 3 il müddətinə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilib.

Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Hörmətli Leyla xanım!

Mən, bir ana, Azərbaycan xanımı kimi sizlərdən kömək istəyirəm. Bu həkim adına layiq olmayan insanın məntəqə tipli cəza çəkməsi düzgün deyil. Ortada insan ölümü faktı var. Qızımı əməliyyat edib, heç bir problem olmayıbsa, niyə evinə aparıb?! Əməliyyatdan yeni çıxan xəstəni həkimlər evlərinəmi aparırlar?

Oğlum Amerikada yaşayır. Mən vətənimi sevən adamam. Amma məcbur qalıram ki, Avropa Məhkəməsinə müraciət edim.

Ülviyyə İlyasovanın arxasında kimlərsə durur. Bunu tam əminliklə deyirəm. Özüm gözümlə də görmüşdüm, amma sübut edə bilmədim.

600 nəfərə yaxın insanı əməliyyat edib. Onun haqqında şikayətlər çoxdur. Amma arxasında duran gizlin qüvvələr onu müdafiə edirlər. Xahiş edirəm, qızımın qanının batmasına imkan verməyin”.

Ülviyyə İlyasova

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Səbirə Vəliyeva 2024-cü ilin aprelin 16-da cərrahi əməliyyatdan sonra ölüb. İstintaqla “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. S.Vəliyeva Ü.İlyasovanın eltisi olub. Vəfat edən 40 yaşlı qadının biri qız, biri oğlan olmaqla 10 yaşlı əkiz uşaqları anasız qalıb.

“Qanun susdu, fəryadımı eşidən olmadı. Qızımı öldürən şəxs həbs edilmədi. Onun kimi savadsız, tibbi ixtisası olmayanlara bəzi hüquq-mühafizə orqanları şərait yaradır. Məntəqə tibbi cəza vermək o deməkdir ki, cəzan bitsin, yenə mətbəxtdə əməliyyat et, öldür, arxanda duracağıq”, - deyə Sara Qəhrəmanova rəsmilərə etiraz edir.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Избранный
22
3
hurriyyet.az

4Источники