İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə qarşı əməliyyatların rejim tamamilə məhv edilənə qədər davam edəcəyini bildirib. SEPAH qarşıdakı zərbələrin əvvəlkilərdən daha şiddətli və dəqiq olacağını vəd edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, İsrailə qarşı hərbi əməliyyatlar ölkənin hakim rejimi tamamilə məhv edilənə qədər davam edəcək.İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidmətinin rəsmi bəyanatında deyilir ki, gələcək zərbələr əvvəlkilərdən daha dəqiq, sərt və dağıdıcı olacaq.
Xatırladaq ki, münaqişə iyunun 13-də İsrail ordusunun (IDF) Tehran, Natanz və Fordo da daxil olmaqla İranın hərbi hədəflərini və nüvə mərkəzlərini hədəfə alan “Aslan yüksəlişi” əməliyyatına başlaması ilə kəskinləşib. Hücumlarda İran silahlı qüvvələrinin baş qərargah rəisi və SEPAH komandiri də daxil olmaqla yüksək rütbəli hərbçilər həlak olub.
Buna cavab olaraq İran İsrailin hədəflərini vuraraq “Doğru vəd 3” əməliyyatına başlayıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri qarşıya qoyulan məqsədlərə nail olmaq üçün lazım olan müddətdə əməliyyatların davam etdiriləcəyini təsdiqləyib.
Korpusun mətbuat xidməti həmçinin İsrailin müttəfiqlərinə Təl-Əvivə dəstəyin mümkün nəticələri barədə xəbərdarlıq edib.
İsrailin baş naziri Benyamin Netanyahu daha əvvəl uzunmüddətli qarşıdurmaya hazır olduğunu bəyan edib və vətəndaşları mümkün çətinliklərə hazır olmağa çağırıb. Hazırda döyüşlər davam edir və beynəlxalq ictimaiyyət tərəfləri atəşkəsə və dialoqa çağırır.
Əli Babayev