RU

KİV: “İran atəşkəs danışıqlarından imtina edib”

İran, ABŞ və İsraillə təmaslarında vasitəçilik edən Qətər və Omana bildirib ki, İsrailin hücumları davam etdiyi müddətdə atəşkəslə bağlı danışıqlara açıq deyil.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi Dubaydan anonim rəsmi mənbəyə istinadla xəbər yayıb.

Agentlik həmin şəxsin vətəndaşlığını açıqlamasa da, onun İranın Qətər və Omanla apardığı təmaslar barədə məlumatlı olduğunu iddia edir.

“İranlılar qətərli və omanlı vasitəçiləri məlumatlandırıblar ki, İsrailin qabaqlayıcı zərbələrinə cavablarını başa vurduqdan sonra ciddi danışıqlara hazır ola bilərlər. İran açıq şəkildə bildirib ki, hücumlara məruz qaldığı müddətdə danışıqlara başlamayacaq”, – deyə mənbədən bildirilib.

Rəsminin sözlərinə görə, İranın guya Qətər və Oman vasitəsilə ABŞ-ni danışıqlara qoşulmağa çağırması və nüvə proqramı ilə bağlı müzakirələri bərpa etməyə hazır olduğunu bildirməsi barədə yayılan xəbərlər dəqiq deyil.

İndiyədək nə İran, nə Oman, nə də Qətər bu məsələyə dair rəsmi açıqlama verməyiblər.

Məlumat üçün qeyd olunur ki, son aylar Oman İranla ABŞ arasında nüvə proqramı üzrə danışıqlarda vasitəçilik edib. Sonuncu raund şənbə günü baş tutmalı idi, lakin İsrailin hava zərbələri səbəbilə ləğv olunub.

Qətər isə daha əvvəl İran və İsrail arasında təmaslarda vasitəçi kimi çıxış edib.

Həm Oman, həm də Qətər Tehran və Vaşinqtonla yaxşı münasibətlərə malikdirlər, eyni zamanda İsraillə də birbaşa əlaqələrə sahibdirlər.

Избранный
35
50
editor.az

10Источники