Ordubad rayonunda 15 İyun – Milli Qurtuluş Günü təntənəli şəkildə qeyd edilib. Bu əlamətdar gün münasibətilə ilk olaraq Ulu Öndər Heydər Əliyevin Ordubad şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub.
Herbiand.az xəbər verri ki, tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Naxçıvan Muxtar Respublikası Ali Məclisində rayonu təmsil edən deputatlar, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, kənd icra nümayəndələri, bələdiyyə sədrləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ziyarət zamanı iştirakçılar müasir, müstəqil Azərbaycanın qurucusu və memarı, xalqımızın xilaskarı olan dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edərək, abidənin önünə tər güllər düzüblər.
Əlamətdar gün münasibətilə Ordubad şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş möhtəşəm konsert proqramı da təşkil edilib. Konsert proqramında Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında müstəsna rol oynamış Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasına, onun zəngin siyasi irsinə və bu irsin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə dərin ehtiram ifadə olunub. Bildirilib ki, Ulu Öndərin yenidən siyasi hakimiyyətə qayıdışı ilə ölkədə ictimai-siyasi sabitlik təmin olunub, dövlət institutları bərpa edilib, iqtisadi inkişafın möhkəm təməli qoyulub və Azərbaycan müstəqil dövlət kimi beynəlxalq aləmdə öz layiqli yerini tutub.
Bədii proqramda vətənpərvərlik ruhunda səslənən mahnılar, şeirlər və musiqi nömrələri tədbirə xüsusi ab-hava bəxş edib. Ordubad Rayon Mədəniyyət İdarəsinin solistlərinin və dəvət olunmuş ifaçıların çıxışları alqışlarla qarşılanıb. Səhnələşdirilmiş kompozisiyalarda Azərbaycanın müstəqilliyi, xalqın birliyi və dövlətimizin gücü tərənnüm olunub.
Milli Qurtuluş Gününə həsr olunmuş tədbir rayon ictimaiyyəti tərəfindən böyük coşqu ilə qarşılanıb.