RU

Dövrümüzün zərif inqilabı sayılan “Dairəvi İqtisadiyyat” mövzusunda yeni kitab təqdim olundu

ain.az bildirir, 525.az portalına istinadən.

Müasir iqtisadiyyatın prioritet istiqamətlərindən olan “Dairəvi iqtisadiyyat” mövzusunu əhatə edən yeni kitab Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi münasibətilə keçirilən İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların VII Beynəlxalq Elmi Konfransı çərçivəsində nəşr olunub.

525.az xəbər verir ki, kitabın təqdimatını müəlliflərdən biri – UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin “İqtisadiyyat”, “Statistika” və “Sənayenin təşkili və idarə olunması” ixtisasları üzrə proqram rəhbəri, “İqtisadi və Texnoloji Elmlər” kafedrasının baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Səkinə Babaşova iyunun 12-də konfrans çərçivəsində keçirilmiş kitab sərgisində təqdim edib. Qeyd edək ki, Səkinə Babaşova doktorantura təhsilini Türkiyənin Dokuz Eylül Universitetində uğurla başa vuraraq bu elmi dərəcəni əldə etmişdir və elmi fəaliyyətini beynəlxalq akademik platformalarda da davam etdirmişdir.

Təqdimat zamanı Səkinə Babaşova bildirib ki, dünyada uzun illərdir üstünlük təşkil edən “istehsal et, istifadə et, at” prinsipi artıq nə təbiət, nə də iqtisadi sistem üçün dayanıqlı deyil. Resursların sürətlə tükənməsi, tullantıların artması və ətraf mühitin çirklənməsi davamlı inkişafa ciddi təhlükə yaradır. Dairəvi iqtisadiyyat isə bu çağırışlara cavab verən alternativ yanaşmadır. O, “istifadə et, yenilə, təkrar istehsal et” prinsiplərinə əsaslanaraq, resurslardan ağıllı və effektiv istifadəyə, tullantıların minimuma endirilməsinə və dəyərin sistem daxilində daha uzun müddət qorunub saxlanılmasına yönəlmişdir.

“Bu baxımdan, tərəfimizdən ərsəyə gələn “Dairəvi iqtisadiyyat” kitabında mövzu həm nəzəri, həm də praktik aspektdən araşdırılmış, beynəlxalq təcrübələr, uğurlu ölkə modelləri və Azərbaycan üçün tövsiyələr təqdim olunmuşdur”, – deyə Səkinə Babaşova vurğulayıb.

O, həmçinin qeyd edib ki, nəşr ümumilikdə 9 əsas bölmədən ibarətdir. Burada dairəvi iqtisadiyyatın konseptual əsasları ilə yanaşı resursların idarə olunması, eko-innovasiyalar, iqlim dəyişikliyi, məhsulun xidmətə çevrilməsi, təkrar emal mexanizmləri, sosial ədalət və inklüzivlik, eləcə də qlobal siyasətlərin təsiri geniş şəkildə təhlil olunub.

Kitabın yalnız tələbələr və tədqiqatçılar üçün deyil, dövlət siyasətini formalaşdıran qərarvericilər üçün də faydalı olacağına inandığını bildirən Babaşova, nəşrin ölkəmizdə davamlı və ağıllı iqtisadiyyatın formalaşdırılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Bu gün, 15 iyun – Milli Qurtuluş Günümüzdə Ulu Öndər Heydər Əliyevi həm də müasir Azərbaycanımızın iqtisadi inkişaf strategiyasının banisi olaraq anırıq və bu işıqda qələmə aldığımız bu kitabı onun bizə açdığı yolda, əmin addımlarla yüksəldiyimizin təzahürü kimi qiymətləndirmək olar.

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
525.az

1Источники