Azərbaycan futbolunda ciddi infrastruktur problemi var.
Əbəs deyil ki, futbol mütəxəssisləri tez-tez bu məqamı qabardır.
Problem o qədər dərindir ki, Premyer Liqa klublarının məşq etməsi üçün meydança belə tapılmır.
Klubların abırını uzun müddət Bakı Olimpiya Stadionun (BOS) yardımçı meydançaları örtürdü.
Zarafat deyil, eyni anda "Turan Tovuz", "Qəbələ", "Zirə", "Araz Naxçıvan" və digər liqa təmsilçiləri adıçəkilən ünvana möhtac qalmışdı.
BOS-un qapılarının məlum səbəbdən bağlanması vəziyyəti daha da dramatikləşdirdi.
Başa çatan mövsüm "Araz-Naxçıvan" gah Binə stadionunda, gah Buzovdakı meydançada hazırlıq keçməli oldu. Bəzən "Sumqayıt" klubuna məxsus "Polimer Arena"nın yardımçı meydançasında göründülər.
"Zirə" "Qarabağ"ın Suraxanıda yerləşən bazasına sığındı.
"Səbail", "Şamaxı" və "Turan Tovuz"un ev oyunlarını keçirdiyi süni meydançaların da Premyer Liqa matçları üçün yararsız olduğunu demək olar.
Yüksək dəstə iştirakçılarının durumu belədirsə, görün akademiyalarda vəziyyət necə acınacaqlıdır.
Aşağı yaş qruplarının oyunları keçirilən "ASK Arena"nın yardımçı meydaçasının örtüyü dəftərdə süni gedir, amma reallıqda beton örtükdən fərqi yoxdur.
Bu azmış kimi məhlələrdə istifadəyə verilən idman qurğuları da yararsız haldadır.
Məsələn, Hacı Zeynalabdin Tağıyev Qəsəbəsində olduğu kimi.
Sumqayıt şəhərindən 10 km məsafədə yerləşən qəsəbədə illər əvvəl şəhər icra hakimiyyəti tərəfindən meydança inşa edilib.
Amma qısa müddət sonra stadionun örtüyü sıradan çıxıb.
5 ildi acınacaqlı durum davam edir.
Təəssüf ki, burada məşq edən azyaşlı uşaqların taleyi heç kimə maraqlı deyil.
Asfalt örtüyün üzərində futbolun sirlərini öyrənən balacalardan AFFA-nın bayrağı altında keçirilən yarışlarda ciddi nə gözləmək olar?
Ümumiyyətlə, belə meydanda məşqlərin keçirilməsi təhlükəlidir.
Amma başqa çarə varmı?
Digər normal meydançalar pullu xidmət göstərir.
Futbolçu olmaq istəyən uşaqların ailələri isə bir çox hallarda elə də imkanlı olmur.
Tək adını qeyd etdiyimiz qəsəbədəmi vəziyyət belədir?
Təbii ki, yox. Bu gün kiçik araşdırma aparsaq görərik ki, bir çox məhəllələrdə ümumiyyətlə futbol oynamaq üçün boş ərazi belə yoxdur.
Düzdü, bütün günü əsas milli komandanı, orada çıxış edən futbolçularımızı müzakirə edir, təndiqlər səsləndiririk.
Bir çox hallarda unuduruq ki, milli komanda ən sonuncu nöqtədir.
Futbolun, futbolçunun olması üçün start nöqtəsi birbaşa məhlə futbolundan başlayır.
Burada da vəziyyət təqdim etdiyimizdən də acınacaqlıdır.
XANOĞLAN İMANOV