47 yaşlı mütəxəssis Cennaro Qattuzo futbol üzrə İtaliya milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, italiyalı mütəxəssis milli komandanın yeni baş məşqçisi kimi iyunun 19-da ictimaiyyətə təqdim olunacaq.
Mediada yayılan xəbərlərə görə, Qattuzo ilə bir illik müqavilə imzalanacaq. Uğurlu olacağı halda, onunla sözləşmənin müddəti daha bir il uzadıla bilər.
Xatırladaq ki, iyunun əvvəlində İtaliya yığmasının əvvəlki baş məşqçisi Luçano Spalletti istefaya göndərilmişdi. DÇ-2026-nın seçmə mərhələsinin ilk iki turundan sonra İtaliya millisi 3 xal toplayaraq qrupda 3-cü pillədə qərarlaşıb.
Cennaro Qattuzonun sonuncu iş yeri isə Split “Hayduk”u olub. O, Xorvatiya klubundan iyunun 5-də ayrılmışdı. İtaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi diqqətə çatdırılmışdı.
Qattuzo 2024-cü ilin yayından “Hayduk”u çalışdırırdı. Sözügedən komanda Xorvatiya çempionatında 2024/2025-ci illər mövsümünü 3-cü sırada bitirib. Qattuzonun komandası keçirdiyi 36 oyunda 17 qələbə qazanıb, 12 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.
Qattuzo “Hayduk”u bütövlükdə 43 oyuna çıxarıb. Komanda bu görüşlərdə 20 qələbə qazanıb, 14 heç-heçə edib və 9 məğlubiyyətə üzülüb.
Cennaro Qattuzo daha öncə İspaniyada “Valensiya”nın, İtaliyada “Napoli”, “Milan”, “Piza” və “Palermo”nun, Yunanıstanda “OFİ Krete”nin, İsveçrədə “Syon”un, Fransada Marsel “Olimpik”inin də baş məşqçisi olub.