RU

Aktam Xaitov: Özbəkistan Qarabağın bərpasında Azərbaycanın səylərini dəstəkləyir

ŞUŞA, 15 iyun. TELEQRAF

“Özbəkistan Qarabağın bərpasında Azərbaycanın səylərini dəstəkləyir”.

Teleqraf xəbər verir ki, bunu Şuşada keçirilən “Yeni dünya nizamı: geosiyasi yönlər və qlobal çağırışlar” mövzusundakı beynəlxalq konfransda Özbəkistan Liberal Demokrat Partiyasının Siyasi Şurası İcra Komitəsinin sədri, Özbəkistan Respublikası Ali Məclisi Qanunvericilik Palatasındakı UzLiDeP fraksiyasının rəhbəri Aktam Xaitov deyib.

O,çıxışı zamanı Azərbaycanda, xüsusilə Qarabağda genişmiqyaslı quruculuq işlərinin aparıldığını vurğulayıb.

Aktam Xaitov bildirib ki, konfrans zamanı bir çox ölkələrdən olan həmkarları ilə təmaslar qurmaq fürsəti əldə edib və yaradılan şəraitə görə təşəkkürünü bildirib. Onun sözlərinə görə, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda, tarixi ədalətin bərpası nəticəsində Şuşada belə mühüm tədbirin keçirilməsi rəmzi əhəmiyyət daşıyır.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda aparılan bərpa-quruculuq işləri təsirli və nümunəvidir. Özbəkistan bu səyləri hər zaman dəstəkləyib və dəstəkləməyə davam edəcək”,- deyə A.Xaitov vurğulayıb.

O, Özbəkistan və Azərbaycan arasında ikitərəfli münasibətlərin son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edib. Xatırladıb ki, 2024-cü il mayın 19-da Özbəkistan Prezidenti Azərbaycanla müttəfiqlik münasibətləri haqqında 2022-ci il tarixli müqaviləni təsdiqləyib və bu, ikitərəfli əlaqələrdə tamamilə yeni mərhələnin başlanğıcıdır.
“2024-cü ilin nəticələrinə əsasən, ölkələrimiz arasında ticarət dövriyyəsi 253 milyon ABŞ dollarına çatıb. Bu, Azərbaycanın Özbəkistan üçün əsas iqtisadi tərəfdaşlardan birinə çevrildiyini göstərir. Mədəni-humanitar münasibətlərimiz də misilsiz səviyyəyə çatıb”, - deyə o bildirib.

Aktam Xaitov, həmçinin siyasi dialoqun və partiyalararası əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edib. O bildirib ki, bu cür beynəlxalq konfranslar qlobal çağırışlara birgə cavab tapmaq üçün geniş platforma yaradır:
“Müasir dövrdə mürəkkəb qlobal problemləri yalnız birlikdə həll etmək mümkündür. Bu proseslərdə siyasi partiyaların rolu mühümdür. Onlar əməkdaşlıq üçün konkret mexanizmlərə malikdir və bu mexanizmlərin işə salınması xalqlarımız arasında həmrəyliyə töhfə verir”.

Xaitov qeyd edib ki, bu gün dünyada qlobal problemlərin həllinə yönəlik təkliflərə ehtiyac var və siyasi partiyalar bu istiqamətdə fəal rol oynaya bilər.

“Biz- ölkələrimizin aparıcı partiyaları - bu məsələlərin həllində, onların mahiyyətinin xalqa çatdırılmasında körpü rolunu oynayırıq. Bu səbəbdən partiyalararası əlaqələrin möhkəmləndirilməsi xüsusi önəm daşıyır”,- deyə A.Xaitov bildirib.

O, Özbəkistan Liberal Demokrat Partiyasının Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq haqqında memorandum imzaladığını xatırladıb. Bildirib ki, bu sənəd qarşılıqlı fəaliyyətin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Partiya gələcəkdə digər tərəfdaşlarla da oxşar sənədlər imzalamağa və əməkdaşlığı genişləndirməyə hazırdır: “Qoy bu addımlarımız ölkələrimizin xalqlarının yaxınlaşmasına, bölgədə və dünyada sülhə və sabitliyə xidmət etsin".

Избранный
20
teleqraf.com

1Источники