Musavat.com xəbər verir ki, Jurnalda dərc edilən xəbərə görə, İsrail rəsmiləri İranın ali lideri Ayətullah Əli Xameneinin də hədəf ola biləcəyini istisna etmirlər.
Mənbəyə istinadən qeyd olunur ki, İsrailin son dövrlərdəki hücumları təkcə İranın nüvə obyektlərinə qarşı deyil, eyni zamanda siyasi və hərbi rəhbərliyi sıradan çıxarmağa yönəlib. Məlumatda bildirilir ki, artıq İsrailin həyata keçirdiyi diversiya və hücumlar nəticəsində 9 nüvə alimi və bir neçə yüksək rütbəli SEPAH generalı məhv edilib.
İsrailli rəsmilərdən biri Wall Street Journal nəşrinə bildirib:
"İranın ali liderini - Ayətullah Xameneini hədəf almaq bizim üçün qadağan olunmuş məsələ deyil. Əgər bu zərurət yaranarsa, həmin qərar da verilə bilər."
Nəşr yazır ki, İsrail rəhbərliyi İranın nüvə ambisiyalarını yalnız texniki cəhətdən deyil, həm də siyasi rəhbərliyin hədəfə alınması ilə dayandırmağı planlaşdırır. Mənbələr əlavə edir ki, Tehran rejimi ya nüvə proqramını könüllü şəkildə ləğv etməlidir, ya da İsrail onu tamamilə fəaliyyətsiz vəziyyətə salacaq.
Xatırladaq ki, İsraillə İran arasında son günlərdə hərbi gərginlik kəskinləşib. İsrailin hava zərbələri nəticəsində Tehranın mühüm strateji obyektləri dağıdılıb, İran isə Hayfa və Tel-Əvivə raketlər ataraq cavab verib. Eyni zamanda, beynəlxalq danışıqlar dayandırılıb, ABŞ və Avropa dövlətləri tərəfləri təmkinə çağırır.
Hazırda regionda vəziyyət kritik həddə çatıb və istənilən birbaşa zərbə İran daxilində böyük siyasi nəticələr doğura bilər