"İranın silah istehsalına zərbə, ABŞ yardımının potensial azalması və enerji bazarındakı dəyişikliklər Ukraynanın müharibə strategiyasına birbaşa təsir edir..."
Ukrayna prezidenti İsrail-İran qarşıdurmasının Ukrayna üçün üç əsas nəticəsini açıqlayıb
Ukrayna prezidenti Vkadimir Zelenski İsrail və İran arasında baş verən qarşılıqlı hücumların öz ölkəsinə necə təsir etdiyini dəyərləndirib. O, bu qarşıdurmanın həm müsbət, həm də mənfi nəticələri olduğunu bildirib və vəziyyətin incə tarazlıq tələb etdiyini vurğulayıb.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.
İrana zərbələr: Rusiya üçün silah çatışmazlığı?
Zelenskiyə görə, İsrailin İranda həyata keçirdiyi hava zərbələri, xüsusilə də "Shahed" tipli pilotsuz uçuş aparatları və raketlərin istehsal obyektlərinə yönəlmiş hücumlar Ukraynanın xeyrinədir. Çünki İran bu silahları Rusiya ilə əməkdaşlıq çərçivəsində Ukrayna müharibəsində istifadə edilmək üçün göndərir.
"Əgər bu zərbələr nəticəsində istehsal və təhvil prosesləri zəifləyibsə, bu, Ukrayna üçün ciddi üstünlük deməkdir. Biz hələ tam təsirini qiymətləndirməmişik, amma ümid edirik ki, ruslara silah ötürülməsi azalacaq", - Zelenski qeyd edib.
ABŞ-dan yardımlar yenə ləngiyəcəkmi?
Prezident Zelenski Yaxın Şərqdəki vəziyyətin ABŞ-ın maliyyə və hərbi resurslarını daha çox İsrailə yönəldə biləcəyindən narahatdır. O, bu halın Ukraynaya yardımı azalda və ya gecikdirə biləcəyini deyib: "Biz Amerikanın İsraillə əlaqələrinə qarışmırıq. Amma əvvəlki dəfə olduğu kimi, yardımın gecikməsi və ya azalması bizim üçün eyni nəticəni verir. Bu, bir amildir və biz bundan narahatıq", - o, bildirib.
Neftin bahalaşması: Rusiya daha da güclənir
Ukrayna lideri üçüncü əsas məsələ kimi neftin qiymətindəki artımı göstərib. Onun fikrincə, bu, Rusiyanın enerji ixracından əldə etdiyi gəlirləri artırır və nəticədə Kremlin müharibə potensialı güclənir. "Əgər neftin qiymətinə yuxarı hədd qoyulmasa, Rusiyanın büdcəsi bundan qazanacaq. Biz bu riski azaldacaq addımlar gözləyirik. Sanksiyalar enerji sektorunu da əhatə etməlidir", - Zelenski bildirib.
"Patriot" kompleksi barədə
İsrailin Ukraynaya "Patriot" zenit-raket sistemləri göndərməsi ilə bağlı yayılan xəbərlər isə reallığı əks etdirməyib. İsrail rəsmiləri bu məlumatı təkzib edərək, heç bir kompleksin Ukraynaya verilmədiyini bildirib. Zelenski də bu informasiyanı təsdiqləyərək, Ukraynanın bu sistemlərdən hələ heç birini almadığını qeyd edib.
ABŞ və G7: növbəti addım gözlənilir
Zelenski yaxın günlərdə ABŞ-la enerji sanksiyaları mövzusunda danışıqlar aparacağını deyib. Eyni zamanda, Avropa İttifaqı Rusiya neftinə qiymət limiti tətbiq olunması üçün G7 liderlərindən dəstək gözləyir. Lakin ABŞ administrasiyası hələlik bu qərara tərəddüdlə yanaşır və yekun söz prezident Donald Trampa aiddir.
Zelenski yekun olaraq bildirib ki, bu üç amil - İranın silah istehsalına zərbə, ABŞ yardımının potensial azalması və enerji bazarındakı dəyişikliklər Ukraynanın müharibə strategiyasına birbaşa təsir edir. Onun sözlərinə görə, bu fonda Rusiyanın hansı addımı atacağı isə hələlik qeyri-müəyyəndir.