Bir neçə saat öncə davam edən İsrail-İran qarşıdurması çərçivəsində Tehran məlumat yaydı ki, Təl-Əviv Cənubi Pars qaz yatağının işlənmə obyektlərinə dronla zərbə endirib, yanğın baş verib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, şahidlər qaz yatağının 14-cü faza işlənməsi obyektləri yaxınlığında “dronabənzər quş” gördüklərini və
az sonra yanğın başladığını bildiriblər.
İran tərəfi yanğının qısa müddətdə lokallaşdırılaraq söndürüldüyünü, lakin gündəlik 12 milyon kubmetrlik hasilat gücünə malik qurğuların fəaliyyətinin dayandığını elan edib.
İsrail tərəfi hələlik məlumatla bağlı rəsmi münasibət açıqlamayıb. Amma maraq doğuran məqam İsrailin məhz Cənubi Pars yatağına zərbə endirməsidir. Məsələ burasındadır ki, həmin yatağı Qətərlə İran birgə işləyir. O, dünyanın ən böyük qaz-kondensat yatağıdır. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, yatağın ehtiyatları 51 trilyon kubmetr qaz, təxminən 50 milyard barrel qaz kondensatına bərabərdir. Bu, dünya qaz ehtiyatlarının 8 faizi deməkdir.
Cənubi Pars İran və Qətər arasında bölünür - ümumi sahəsi 9,7 min kvadratkilometrdir, bunun 3,7 min kvadratkilometri İranın ərazi sularındadır;
İran öz sahəsindən gündə 720 milyon kubmetrə yaxın qaz hasil edir. Ölkənin qaza olan tələbatının 60 faizindən çoxunu bu yataq təmin edir.
Sahə 24 fazaya bölünür. 2023-cü ilin martında sabiq İran prezidenti İbrahim Rəisi və neft naziri Cavad Ouci Cənubi Pars qaz yatağının 14-cü mərhələsini istismara veriblər. Bildirilib ki, bu mərhələ üzrə ölkənin neft emalı zavodlarına gündəlik əlavə 50 milyon kubmetr qaz veriləcək.
Faza çərçivəsində yeni neft emalı zavodu tikilib.
Beləliklə, İranın ən böyük qaz yatağı kimi Cənubi Pars İsrail tərəfindən hədəf seçilməyə “layiqdir”. Lakin yatağın digər hissəsində işləyənin Qətər olduğunu nəzərə alsaq, yəhudilərin bölgədə İsrailə az-çox dözümlü yanaşan bir ölkənin əsas enerji mənbələrindən birinə təhlükə yaradacaq addıma gedəcəyi xeyli şübhəli görünür.
İranın əvvəlcə yatağın, daha sonra yatağa xidmət göstərən qurudakı qurğuların vurulduğuna dair məlumat yayması, ən sonda isə yanğının qısa müddətdə söndürüldüyünü açıqlaması da şübhələri artırır.
Musavat.com