RU

“Yay Təcrübə Proqramı”nın qrup tapşırıqları mərhələsi keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən tələbələrin bilik və bacarıqlarının, eləcə də şəxsi keyfiyyətlərinin inkişafına dəstək vermək məqsədilə keçirilməsi nəzərdə tutulan növbəti “Yay Təcrübə Proqramı”na hazırlıqlar davam edir. İyunun 14-də Proqramda iştirak edəcək tələbələrin növbəti seçim mərhələsi baş tutub. Bu mərhələdə ilkin seçimlərə qatılmış 1000-ə yaxın tələbədən 120 nəfəri iştirak edib. 3 raunddan ibarət mərhələ zamanı iştirakçılar onlara verilmiş mövzular üzrə tapşırıqları yerinə yetirərək bilik və bacarıqlarını nümayiş etdiriblər.

DVX-nin mütəxəssisləri tərəfindən seçiləcək tələbələr 7 gün müddətində DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkil ediləcək yay düşərgəsinə qatılacaqlar. Orada onlara təcrübəli vergi xidməti əməkdaşları və kənar peşəkar təlimçilər tərəfindən vergi sahəsi və müxtəlif səriştələr üzrə təlimlər təşkil olunacaq. Daha sonra tələbələr DVX-nın Bakıda və regionlarda yerləşən struktur bölmələrində 8 həftə müddətində istehsalat təcrübəsində iştirak edəcəklər.

Qeyd edək ki, təşkil ediləcək Yay Təcrübə Proqramı sayca dördüncüdür. Layihə tələbələrin vergi sahəsində nəzəri və praktiki biliklər əldə etməsini, onların vergi xidmətinin işində praktiki iştirakını nəzərdə tutan, həmçinin gələcəkdə vergi orqanlarında karyera qurmaq imkanlarını dəstəkləyən təcrübə proqramıdır. 4-cü Yay Təcrübə Proqramının cari il iyul ayının 7-dən sentyabr ayının 5-dək keçirilməsi nəzərdə tutulur.

Избранный
31
vergiler.az

1Источники