RU

Regiondakı münaqişə Vahidvari yanaşma

Hər kəsdə müəyyən təəssürat yarada bilən, çox adamın mülahizə yürütməsinə rəvac verən qlobal hadisə olanda ölkəmizin ictimai-siyasi arenasında tozanaq qalxır.

Peşəkar media ilə yanaşı, əksəriyyətin əlinin çatdığı sosial şəbəkələrdə minlərlə adam şərh yazır, fikir bildirir. Şərh şərhə, rəy-rəyə, bəy bəyə, hamı hamıya qarışır, oxumuş adamlar demişkən, şərh kirliliyi yaranır (əsl ifadə “xəbər kirliliyi”dir).

İsrail-İran - “bomba rabatay” məsələsi, “raket-raket” davası istisna olmadı. İki gündür, Qərbpərəst oxumuşların sözü olmasın, “frend listim”də qırğın gedir. Tərəflər amansız mücadilə verirlər. Həm də onlar bu dəfə iki tirəyə ayrılmayıblar. Çoxdurlar. İranpərəstlər var, İsrailsevərlər var, rusofillər var, millətpərvərlər var, Avropayanlılar var. Var da var.

Seqmenti qara gəlmişlərin platforması müharibə poliqonunu xatırladır. İranpərəstlər “sionist rejim”in hərəkətlərini birmənalı “terrorizm” adlandırırlar. Tehrandakı, Qumdakı siyasi-dini xadimlər hansı ritorika ilə danışırsa, bunlar da həmin cümlələrdən istifadə edirlər. İmprovizasiya, yaradıcılıq-filan yoxdur. Birəbir eyni söhbətlər.

İsrailsevərlər vurulan generalların adlarını ləzzətlə sadalayır, yazırlar ki, əcəb oldu, o Bageri üstümüzə çox bağırırdı. “Üstümüzə” deyəndə bilmək olmur kimi nəzərdə tuturlar. Allah tərəfi, Baqeri İsrailn də üstünə bağırırdı, bizim də. Daha bir həlak olmuş generalın 7 dənə şəklini böyür-böyürə kollaj ediblər, şəkillərin hamısında o, sağ əlinin şəhadəti barmağını yuxarı qovzayıb, hansısa dövləti hədələyir.

Bu arada rusofillər əvvəlcə Putinin nə mövqe sərgiləyəcəyini gözlədilər, Kremlin fikri bəlli olan kimi, bizimkilər də İsrailin hərəkətlərini pislədilər, qınadılar. Bu, Moskvadan asılı məsələyidi, əgər Putin “biz bu münaqişədə neytralıq” desə, milli russevərlərimiz də neytral olacaqdılar və ölkədəki neytral olmayanları qınayacaqdılar ki, bu məsələdə neytral olmaq xalqımızın mənafeyinə uyğundur.

Avropayanlıların bir xeylisi bir az fərqlidir. Əgər Avropa dövlətləri İranın tərəfini tutsa, bizim “yurop”çuların çoxu deyəcəkdi, elə deyil, İrana qahmar çıxmaq olmaz, o totalitarizm, teokratizm yuvasıdır. Allahdan, Avropa da İrana münasibətdə heç vaxt at gedişi etmir, birmənalı olaraq, deyir ki, İran həmişə haqsızdır.

Millətpərvərlərin bu xüsusda əsas əndişəsi odur ki, birdən Təbriz, Ərdəbil, Maku və türklər yaşayan o biri şəhərlərin mülki əhalisi vurular, qanqaraçılıq olar. Elə olsa, onda onlar da “sionist rejim”in hərəkətlərini qınayacaqlar. Göründüyü kimi, çox “himanist” mövqedir, Yəzd vurulsun, Kirman vurulsun, amma Təbriz vurulmasın.

İrandan ölkəmizə böyük qaçqın axını olacağından, vurulan AES-lərdən radiasiya sızması ola biləcəyindən əndişələnən şərhçilərimiz də var. Onların əsas mövqeyi odur ki, başımız salamat, qulağımız dinc olsun, savaşanlar da gedib o tərəfdə oynaşsınlar.

Amma bir şey dəqiqdir ki, bütün tərəflər narahatdır. Ona görə də hamısı narahatlıqlarını açıq şəkildə ifadə edirlər. Bu yerdə isə ortalığa daha bir narahatlar qrupu çıxır və onlar da yazırlar ki, “hamı politoloq olub, bilən də yazır, bilməyən də”.

Birincisi, artıq bilməyən qalmayıb, şərh yazanların hamısı nə baş verdiyini bilir. İllərdir ki, bu şey qazanının içində qaynayırlar, bilməyəcəklərmi İran nə istəyir, İsrail nəyə çalışır, ABŞ hansı mövqedədir, Rusiyanın fikri nədir. Hamı bütün bunları bilir.

İkincisi, çox adamın ümumi atmosferdən, baş verənlərdən narahat olub nəsə yazmasının ziyanı yoxdur, qoy yazsınlar. Elə nəsə yazan kimi, hamısı rəhmətlik Vəfa Quluzadə olmayacaq ki. Hətta onun kimi olsalar, nə olacaq? Mağıl, jurnalistlərimiz yeni-yeni politoloqlarla işləyərlər, Qabil Hüseynli və Elxan Şahinoğlunun telefonu bir az dincələr.

Bircə çalışmaq lazımdır ki, heç kim barıtı çox qoymasın. Barıt elə bir alışdırıcı maddədir ki, onun çox olduğu yerdə təhlükə var,bölşeviklər demişkən, qığılcımdan alov doğur.

Hərçənd II dünya müharibəsində Yaponiya Çinə hücum edəndə radioda işləyən Əliağa Vahid duruma belə bir lakonik şərh verib: “Yapon girib Kitaya, mənim nə vecimə...”

 

Избранный
65
19
musavat.com

10Источники