RU

Paşinyan-kilsə savaşı davam edir: Baş nazir "bir güllə ilə iki quş vurmaq" niyyətindədir

Kilsə "Qarabağ klanı"nı , Köçəryan-Sərkisyan cütlüyünü  birmənalı dəstəkləyir
 
Ermənistanın Baş naziri Nikol Paşinyanla erməni kilsəsi arasında mübarizə qızışır. Paşinyan erməni Qriqoryan kilsəsinin rəhbəri, katolikos II Qareginin istefasına nail olmaq istəyir, mübarizə kampaniyasını bu istiqamətdə qurur. Baş nazir Kilsənin rəhbəri İkinci Qaregini dəyişməyə və onun təbirincə, "kilsəni xalqa qaytarmağa" səy göstərir. İrəvan hökumətinin rəhbəri iddia edir ki, Qaregin  subaylıq əhdini pozub və onun övladı var. Katolikos və onun tərəfdarları isə Paşinyanla bağlı etimadsızlıq prosesini yürüdürlər. Paşinyanı dövlətin və xalqın birliyini pozmaqda günahlandırırlar. Qarabağ müharibəsində məğlubiyyətə görə Paşinyanı suçlayırlar. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da II Qareginə tam dəstək verdiyini bildirib. O, Ermənistan hakimiyyətini "1700 yaşı olan Erməni Apostol Kilsəsinə qarşı konstitusiyaya zidd hücumlara görə" pisləyib. Ehtimal olunur ki, Paşinyan-Kilsə mübarizəsi 2026-cı ildə keçiriləcək parlament seçkilərinin siyasi nəticələrinə də təsirsiz ötüşməyəcək. Məlumat üçün bildirək ki, Ermənistanın tarixində üç dəfə erməni katolikosunu istefaya getməyə məcbur ediblər, bu, dördüncü hadisədir. Reallıq odur ki, erməni kilsəsi Ermənistandakı bütün radikal, terrorçu təşkilatlara başçılıq edir. Dünyada olan erməni diasporu, lobbi təşkilatları erməni kilsəsinə pul ödəyirlər. Kilsə hökumətdən daha böyük imkanlara malikdir. II Qaregin isə birbaşa Rusiyanın xüsusi xidmət orqanlarının idarə etdiyi fiqurdur.

Ermənistandakı hökumət-kilsə mübarizəsini Sherg.az-a dəyərləndirən Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı deyib ki, Ermənistanda 2026-cı ilin iyun ayında keçirilməsi planlaşdırılan seçkilər yaxınlaşdıqca ölkədə siyasi gərginliyin artacağı gözlənilirdi. Alim vurğulayıb ki, erməni cəmiyyətində müxtəlif qütblər olduğuna görə, onlar arasında qarşıdurma qaçılmazdır:

 "Paşinyan hökumətinin erməni Kilsəsinə qarşı sərgilədiyi mövqenin əsas səbəblərindən biri qarşıdakı seçkilərlə bağlıdır. Heç kəsə sirr deyil ki, erməni Kilsəsi birmənalı Paşinyanın qarşısındadır. Kilsə hökumətin son illərdə apardığı siyasətin yanlış və təhlükəli olduğunu açıq formada iddia edir. Ötən il keşiş Baqrat Qalstanyanın başlatdığı etiraz aksiyalarına da məhz II Qaregin rəhbərlik edir, onu dəstəkləyirdi. Paşinyan buna görə II Qaregini bağışlamır. Baş nazir gözləyirdi ki, dini qurum onun yanında olacaq, apardığı islahatlara dəstək verəcək. "Real Ermənistan" ideyasını həyata keçirmək üçün Kilsənin dəstəyinə ümid bəsləyirdi. Çünki Kilsə erməni toplumunu səfərbər etmək məsələsində önəmli institut sayılır. Amma proses baş nazirin istədiyi kimi olmadı. Əksinə, II Qaregin Cenevrədə keçirdiyi toplantıda Paşinyan hakimiyyətinin siyasətini sərt tənqid etdi. Tərəflər arasında gərginlik bundan sonra başladı".

Q.Çaxmaqlı Kilsənin "Qarabağ klanı"nı, Köçəryan-Sərkisyan cütlüyünü birmənalı dəstəklədiyini söyləyib:
 "Revanşistlərin cəmiyyət arasında nüfuzunun olmadığını yaxşı bilən Paşinyan Kilsənin üzərinə gedir. Göstərməyə çalışır ki, II Qareginlə Köçəryan-Sərkisyan radikal qruplaşmasının heç bir fərqi yoxdur. Baş nazir "bil güllə ilə iki quş vurmaq" niyyətindədir. Başlatdığı "savaşla" həm müxalifəti, həm də Kilsəni silməyə siyasi səhnədən çalışır. Son zamanlar Paşinyanın reytinqinin aşağı düşməsi də faktdır. Səbəbi odur ki, ölkədə iqtisadi islahatlar nəticə vermir, xalqın vəziyyəti get-gedə pisləşir. Baş nazir Kilsəyə qarşı hücuma keçməklə daxili auditoriyanın diqqətini başqa istiqamətə yönəldir. Paşinyanın əlində Kilsə rəhbərinin bir neçə övladının olması ilə bağlı sübutlar var. Hətta Xatun adlı qızının İrəvanda yaşadığı iddia olunur. Eçmiədzin kilsəsinin başında duran şəxs dini qanunlara görə, evlənməməli, ailə, uşaq sahibi olmamalıdır".

Ermənişünas-alimin düşüncəsinə görə, Paşinyanın bu məsələdə haqlı olduğu deyilsə də, mübarizənin nə ilə nəticələnəcəyini söyləmək çətindir:
 "Görünən odur ki, cəmiyyət də Paşinyan-Kilsə mübarizəsində ikiyə bölünməyib, bitərəflər daha çoxdur. Kənar müdaxilələri də istisna etmirəm. Rusiyanın Paşinyan hökumətini devirmə arzusunda olduğu bəllidir. Moskvanın Ermənistanda rıçaqları kifayət qədərdir. Ortaya yeni qüvvələrin çıxması da mümkündür. Paşinyanın yeganə çıxış yolu və reytinqini artırma vasitəsi Azərbaycanla tezliklə sülh sazişinin imzalanmasıdır. Ermənistanda hamı müharibədən qorxur. "Növbəti müharibə olmayacaq" qarantiyası Paşinyanın komandasını yenidən hakimiyyətə daşıya bilər".
Избранный
8
1
sherg.az

2Источники