"Bu hadisələr "Mossad"ın illərlə gizli şəkildə həyata keçirdiyi əməliyyatların artıq açıq fazaya keçdiyini göstərir..."
İsrail yaxın tarixində ən irimiqyaslı kəşfiyyat və hərbi əməliyyatını həyata keçirərək İranın nüvə və hərbi obyektlərinə zərbələr endirib.
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumatına görə, bu əməliyyat sadəcə hava zərbələri ilə məhdudlaşmayıb - əsas mərhələ "Mossad" agentlərinin İranın daxilində əvvəlcədən yerinə yetirdiyi fəaliyyətlə başlayıb.
İsrail təhlükəsizlik mənbələrinin bildirdiyinə görə, "Mossad" əməkdaşları İrana gizli şəkildə daxil olaraq silahlar gətirib, hava hücumundan müdafiə obyektləri yaxınlığında partlayıcı maddələr yerləşdirib və pilotsuz uçuş aparatları üçün platformalar hazırlayıb. Bu hazırlıq İranın hava hücumlarına qarşı sistemini zəiflədib və genişmiqyaslı hava zərbələrinə zəmin yaradıb.
Əməliyyatda 200-dən çox hərbi təyyarə iştirak edib, 100-dən çox strateji hədəf vurulub. Tehrana yaxın ərazilərdəki "yer-hava" tipli müdafiə sistemləri yüksək dəqiqlikli silahlarla məhv edilib. Bütün təyyarələr itkisiz şəkildə bazalarına qayıdıb. Əsas hədəflərdən biri İranın nüvə proqramında iştirak edən hərbi komandirlər və alimlər olub. İsrailin kəşfiyyat əməliyyatları Tehranın daxilini də əhatə edib. Bu çərçivədə bir sıra qətl və partlayış halları videoya çəkilərək yayımlanıb.
Bu əməliyyat İsrail ilə İran arasında uzun illərdir davam edən və əsasən kölgədə baş verən qarşıdurmanın yeni mərhələsi hesab edilir. "Mossad" artıq 2007-ci ildən bəri İran ərazisində bir sıra nüvə mütəxəssislərinin aradan götürülməsi və gizli arxivlərin oğurlanması kimi əməliyyatlar həyata keçirib. 2018-ci ildə isə Tehrandan 55 min səhifəlik və 55 min elektron sənəddən ibarət nüvə arxivi çıxarılaraq ictimaiyyətə təqdim olunub.
Son əməliyyatda İranın nüvə proqramının əsas simalarından biri - Firidun Abbasi də həlak olub. O, may ayında verdiyi açıqlamada obyektlərə edilən zərbələrin nüvə silahı hazırlığına təsir etməyəcəyini bildirmişdi. Vaşinqton İnstitutunun əməkdaşı Holli Daqres qeyd edib ki, İsrail illərlə İrana qarşı sabotaj və qətllərlə üstünlüyünü qoruyub və bu sahədə davamlı fəaliyyət göstərib.
Əlavə olaraq, İsrailin HƏMAS lideri İsmayıl Haniyəni Qəzzada yox, məhz Tehranda aradan götürməsi də diqqət çəkib. İsrail mənbələrinin bildirdiyinə görə, Haniyənin qaldığı evə əvvəlcədən partlayıcı qurğu yerləşdirilib və uzaqdan aktivləşdirilib.
İranın cavab açıqlamalarına baxmayaraq, təhlükəsizlik boşluqları ölkə daxilində ciddi zəifliklərin olduğunu göstərir. "Mossad:ın keçmiş rəhbər müavini Ram Ben-Barak qeyd edib ki, bu uğurlar yalnız texniki hazırlıqla deyil, həm də İran daxilindəki narazılıqlarla bağlıdır. Bu hadisələr "Mossad"ın illərlə gizli şəkildə həyata keçirdiyi əməliyyatların artıq açıq fazaya keçdiyini göstərir.
İsrail və İran arasında qarşılıqlı zərbələr
Xəbər veriıdiyi kimi, İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumları nəticəsində 100-dən çox obyekt vurulub. Bunlar arasında nüvə infrastrukturuna aid sahələr, raket istehsal zavodları və komanda mərkəzləri də var. Əməliyyatda 200-dən artıq hərbi təyyarə iştirak edib, "Mossad" isə əvvəlcədən hava hücumundan müdafiə sistemlərini zərərsizləşdirib və ölkə daxilinə partlayıcı dronlar yerləşdirib.
Əməliyyat nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək vəzifəli üzvləri və nüvə proqramı üzrə məsul şəxslər həlak olub. Ümumilikdə 329-dan çox insan yaralanıb, aralarında mülki şəxslər də var.
14 iyun gecəsi İran cavab olaraq İsrailə yüzlərlə raket və pilotsuz uçuş aparatı göndərib. İsrailin hava hücumundan müdafiə sistemləri onların əksəriyyətini zərərsizləşdirib. Lakin İsraildə iki nəfər ölüb, onlarla insan isə (əsasən Təl-Əviv və Qüdsdə) yüngül xəsarət alıb.
İranda isə 78 nəfər ölüb, onların əksəriyyəti mülki şəxslərdir. Tehranda mülki binalar və hava limanı dağıdılıb, onlarla insan yaralanıb. Bu qarşılıqlı hücumlar Yaxın Şərqdə təhlükəsizlik balansının ciddi şəkildə dəyişməsinə səbəb olub.