RU

“Avtomobildə ilan qalmışdı, qorxulu və təhlükəli idi, sürücü evakuatorla maşınını yanımıza göndərdi” - ÖZƏL+MARAQLI

Yay fəslinin gəlişi ilə əlaqədar olaraq ilanların aktivliyi artıb. Son günlər isə ilanlar avtomobillərin içinə girirlər. Bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.
 
Avtomobil ustası Vüqar İmanov Moderator.az-a bildirib ki, bu hallar daha çox diqqətsizlikdən yaranır:
“Heyvanların avtomobillərin müəyyən yerlərinə girməsi ilə bağlı çox rastlaşmışıq. Halbuki bu bizim sahə də deyil. Biz usta olduğumuza görə, servis təmir mərkəzində çalışdığımız üçün sürücülər bizə müraciət edirlər. Avtomobili yuxarı qaldıranda həmin heyvanları ya sağ, ya da ölmüş formada orada görürük. Birtəhər çalışırıq ki, ordan çıxardaq. Hətta bu zaman avtomobillərə ziyan da dəyir. Bu ehtiyatsızlıqdan baş verir. İnsanlar avtomobillərin yük yerini və pəncərələrini açıq qoyub gedirlər. Bu zaman siçanlar, pişiklər, hətta quşlar belə salona daxil ola bilir. Siçan da bilirsiniz ki, avtomobildə olan məftilləri, detalları didir, gəmirir. Avtomobil sahibi elə olub bizə müraciət edib ki, maşınım nasazdır. Açıb görmüşük ki, bunu edən siçandır. Qış aylarında isə pişiklər soyuqdan qorunmaq üçün avtomobilin müəyyən yerlərinə girirlər” deyə o bildirib.
 
Avtomobil ustası deyir ki, hazırkı mövsümdə avtomobildə daha çox ilanlara rast gəlmək mümkündür:
“Bu əsas olur istirahət mərkəzlərinə gedərkən. Dəniz kənarında, meşədə və s. yerlərdə. İlanlar da sərin yer axtarırlar. İstidən qorunmaq üçün avtomobilin müəyyən yerlərində gizlənirlər. Olduqca təhlükəli və qorxuludur. Bəzən olur ki, avtomobilin təkər örtüyünün arasına girirlər. Ora qaranlıq və sərin olur. Baqaj hissəsində də gizlənirlər. Avtomobilində ilan görən sürücü maşınını evakuatorla yanımıza göndərir. Birtəhər, qorxu içərisində sürüb gələnlər də var. Avtomobilə minərkən, düşərkən, hardasa park edən zaman maşının ətrafında dövrə vurub baxmaq lazımdır. Pəncərələri və baqajları bağlı saxlamaq lazımdır. Bəzən də rayona gedəndə asfalt yolda ilan görürük və avtomobillə üstündən keçirik. Bəzən həmin ilan sağ qalır. İlanda sürət çoxdur, o görür ki, üstünə maşın gəlir, tez tullanır ortaya və orada yapışıb qalır. Belə hallar da çox olur. Hətta bu günlərdə Bakıdan Bərdəyə qədər ilan avtomobildə sürücü ilə birgə getmişdi” deyə usta bildirib.
Избранный
31
moderator.az

1Источники