İnternet böyüklər kimi uşaqların, yeniyetmələrin də həyatına ciddi şəkildə təsir edir. Uşaqlar artıq rəqəmsal dünyada böyüyür, onların istənilən resursa əlçatanlığı internet vasitəsilə təmin olunur. Maraqlıdır, valideynlər övladlarını kibermühitdə müdafiə edə bilirlərmi?
Araşdırmalar göstərir ki, dünyada uşaqlar bir çox hallarda internetdə aldadılır, zorakılığa məruz qalır, texniki və sosial-psixoloji təhdidlərlə üzləşirlər. Bu da onların psixoloji durumuna təsir edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqlar arasında internetdən istifadə səviyyəsinin ölçülməsi məqsədilə aparılan araşdırmaya dair maraqlı hesabat təqdim edib. Belə ki, Bakı, Ağdam, Göygöl, Daşkəsən, Bərdə, Naxçıvan, Qazax, Salyan, Gəncə, Lənkəran, Qəbələ şəhər və rayonlarında yaşayan respondentlərin iştirakı ilə internetdən istifadənin səviyyəsinin ölçülməsinə dair oflayn və onlayn formada sorğu keçirilib. Hesabatda qeyd edilib ki, ölkəmizdə uşaqların 75 faizi gündəlik internetdən istifadə edir. Sorğuya əsasən, məlum olub ki, 67 faiz valideyn övladlarına internetdən istifadə edərkən nəzarət etmir, heç bir məhdudiyyət qoymur.

“Zərərli kontentlərlə rastlaşma faizi yüksəkdir”
Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov deyir ki, statistik məlumatlara görə, internetdən istifadə edən uşaqların 72 faizi heç olmasa həyatında bir dəfə təhdidlərə məruz qalır: “Hazırda uşaqların internetə çıxışı iki yaşından başlayır. Çünki valideynlər övladlarını qidalandırmaq üçün planşetlərdən, telefonlardan istifadə edirlər. Bu, həm də mənəvi qidanın dəyişməsi deməkdir. Üstəlik xarici dillərdə olan məhsullardan istifadə edilir. Azərbaycan dilində hazırlanan, uşaqlara izlədilən materiallar azlıq təşkil edir. Bu gün 6-18 yaş arası istifadəçilərin 45 faizdən çoxu gündə beş saat internetdən istifadə edir. 67 faiz uşağın internetdə nəzarətsiz qalması məyusedici statistik göstərici kimi də qiymətləndirilə bilər. Çünki valideynlərin rəqəmsal media savadlılığı yüksək səviyyədə olmadığı üçün bundan narahat deyillər və risk görmürlər”.
Araşdırmalar göstərir ki, valideyn güvənsizliyi uşaqları “deepweb”, “darkweb” və digər zərərli kontentlər (təcavüz, bulinq, qumar, şantaj, şəxsi həyat paylaşımları və s.) qarşısında aciz qoyur və çox vaxt valideynlər bundan problem yarandıqdan sonra xəbərdar olurlar. Azərbaycanda internet resurslarına giriş çox sərbəstdir və zərərli kontentlərlə rastlaşma faizi yüksəkdir.
