İyun ayının 11-13 tarixləri arasında Gürcüstanın Stepantsminda rayonunda İkinci Milli Gürcüstan Şəhərsalma Forumu keçirilmişdir. Forumun məqsədi – “Dağ yaşayış məntəqələrinin inkişafı: Məkan və Şəhər Planlaşdırılmasının Önəmi” ilə bağlı dağlıq ərazilərin davamlı inkişafını, ən yaxşı təcrübələrini və Mərkəzi Asiya, Şərqi Avropa və Qafqaz ölkələrinin bu sahədəki təcrübələrini müzakirə etməkdir. Forum bir neçə Paneldən ibarət olub. Forumda Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin memarlıq və şəhərsalma üzrə mütəxəssisləri Müslüm İmranlı və Pərviz Poluxzadə iştirak etmişdir.
Newscwnter.az xəbər verir ki, “Dağlıq Ərazilər üçün Məkan Planlaşdırılması: Yüksəklikdə yerləşən yaşayış məntəqələrində şəhər inkişafının çağırışları” Panelində iştirak edən mütəxəssislərimiz tarixi Zəfərimizin zirvəsi, Qarabağın incisi olan, milli-mənəvi dəyərlərimizi daim yaşadan Şuşa şəhərinin mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapmasını, urbanizasiyanın günümüzün vacib məsələsi olduğunu bildirib. İnsanların rahat və gözəl yaşaması üçün əlverişli şəraitin yaradılmasından, işğaldan azad edildikdən sonra Şuşanın tarixi - memarlıq abidələrinin bərpasından, şəhərdə aparılan abadlıq-quruculuq işlərindən, qədim diyarımızda keçirilən memarların simpoziumundan danışan Müslüm İmranlı - şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsinin və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edib.
Panellər müzakirələr şəklində davam edib.
Süleyman