Qazax, 13 iyun, Ruslan Novruzoğlu, AZƏRTAC
Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş “Qurtuluşun əbədi müəllifi” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Gününün Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildiyi qeyd olunub.
Rayon rəhbəri vurğulayıb ki, Ulu Öndərin əbədi və unudulmaz xidməti çox böyükdür.
Bildirilib ki, 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynadı. Bu gün müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycandır. Ulu Öndər Heydər Əliyevin torpaqlarmızın işğaldan azad olunması arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndində üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Xalqımız Ulu öndərin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.
Tədbirdə dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyevin bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edildiyi bildirilib.
Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin 7-ci sinif şagirdi Banu Səmədli və 3-cü sinif şagirdi Əli Səmədli Ulu Öndərə və müstəqil Azərbaycanımıza həsr olunmuş şeir səsləndiriblər.
Sonra tədbir konsert proqramı ilə davm etdirilib.
Gənc ifaçılar Nicat Zeynallı “Zəfərin mübarək, Vətən”, Gülnar Mədətova “Möhtacam”, Vüsal Osmanlı “Ey Vətən”, Nəsimi Kamaloğlu “Səndən qəşəngi yoxdu”, Nəsimi Kamaloğlu və Zəmanə Dərviş “Ölərəm sənin üçün”, Məhəmməd Budaqov “Dalğalansın bayrağımız” adlı mahnı töhfələri ilə tədbirə xoş ovqat bəxş ediblər.
Aşıq Camoy Qurbanov sazda ifa etdiyi musiqi töhfəsi ilə bayram tədbirinə rəng qatıb. “Zəfər” ritm qrupunun təqdim etdiyi “Cəngi” havası alqışlarla qarşılanıb.