BAKI, 13 iyun. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşəbbüsü və Şimal Regional Mərkəzinin təşkilatçılığı ilə “Fövqəladə hadisələrlə bağlı əhalinin xəbərdarlığının təşkili və qabaqlayıcı tədbirlərin görülməsi” mövzusunda seminar-müşavirə keçirilib.
Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.
Seminar-müşavirədə Fövqəladə Hallar Nazirliyinin müvafiq ərazi üzrə struktur bölmələrinin nümayəndələri, Xaçmaz, Şabran və Siyəzən Rayon İcra hakimiyyətlərinin, yerli özünüidarəetmə və icra orqanlarının məsul şəxsləri iştirak ediblər.
Tədbir zamanı Şimal Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən regiondakı çimərliklərdə və digər sututarlarda aidiyyəti üzrə təhlükəsizliyin təmin edilməsi məqsədilə keçirilmiş monitorinqlərin nəticələri fotoslaydların müşayiəti ilə təqdim olunub, aşkar edilmiş nöqsanlar, maarifləndirmə işinin vəziyyəti və həyata keçirilən təhlükəsizlik tədbirləri ilə bağlı geniş məlumat verilib.
Daha sonra çıxış edənlər dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi, o cümlədən biçin prosesinə cəlb olunan texnikaların saz vəziyyətdə saxlanılması və onların ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının zəruriliyini vurğulayıblar. Həmçinin, açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməsi ilə əlaqədar aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırılıb, biçilmiş taxıl sahələrinin yandırılmasının yolverilməzliyi diqqətə çatdırılıb və əhali arasında sözügedən sahəyə dair maarifləndirmə işinin aparılmasının vacibliyi qeyd olunub.
Seminar-müşavirədə mövzu ətrafında geniş müzakirələr aparılıb, təkliflər səsləndirilib, aidiyyəti üzrə tapşırıqlar verilib.